Monoqrafiya üzərində işlərkən xatirimə bu hadisənin o zamankı mətbuatımızda işıqlandırılması düşdü. 1982-ci ildə cəmi 12 yaşım vardı, bunları oxuyanda sanki gözlərim önündə yaşanmışdı hamısı. Mübhəm bir tale yaşamış, Azərbaycan ədəbiyyatının ən ünlü imzalarından biri olan bu nəhəng fikir adamı 1938-ci ildə həbs edilib, ucsuz-bucaqsız əbədi şaxtalı Sibirin ucqar bir nöqtəsinə sürgün edilmişdi. Orada 1941-ci ilin dekabrında hamı tərəfindən unudulmuş halda vəfat etmiş, İrkutsk yaxınlığında meşəlikdə kütləvi məzarlığa gömülmüşdü.
1982-ci ildə artıq çoxdan reabilitasiya almış Cavidinin nəşini tapmaq üçün Sibirə Azərbaycandan komissiya göndərilmişdi. İlk öncə çox çətinliklə olsa da NKVD arxivlərinin açılmasına nail olunmuş, oradakı sənədlərdən məlum olmuşdu ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. Bütün bunlara baxmayaraq Cavidin məzarının yerinin müəyyən edilməsi yenə də mümkünsüz kimi görünürdü, çünki Sibirin sıx meşəliyindəki Şevçenko kəndi çoxdan itib-batmışdı, orada artıq uzun illər idi ki, heç kim yaşamırmış, 40-cı illərdə orada yerləşən 21 saylı kalon və şairin vəfat etdiyi əlillər xəstəxanası da çoxdan dağıdılmışdı. Eynən canilərin cinayət izlərini itirmək istədikləri kimi.
Sibirin -30 dərəcə şaxtasında həmin yerlərə getmək çox təhlükəli, mümkünsüz kimi idi, amma yenə də buna da nail olundu. Zirehli maşınlarla hərəkət edən komissiya o tərəflərə bələd olan, hələ həyatda qalmış yerli insanlarla bir yerdə öncələr Şevçenko kəndi olmuş meşəliyə istiqamət aldı. 40-cı illərdə Cavidin həbs çəkdiyi kolonun keşikçi dəstəsinin rəisi də varmış heyətdə, onun köməyilə bir zamanlar Şevçenko olan yaşayış məskənində 40 min insanın dəfn olunduğu qəbiristanlığın yeri müəyyən olunur. Məzarlıq tapıldıqdan sonra isə davamlı axtarış nəticəsində 59 saylı qəbir tapılır və Cavidin nəşini götürmək üçün qazılır. -30 dərəcə şaxtada torpaq bel götürmürmüş. Şahidlərin sözlərinə görə, qəbir ilk öncə balta ilə qazılmışdı. O zaman çox təsir edən etiraflardan biri də o idi ki, nəşi çıxaranda bir ayağında corabı qalıbmış. Arxivdən çıxarılmış protokolda da yazılıbmış ki, bir ayağında corabla dəfn edilib.
Cavidin nəşi o zaman çox çətinliklə Sibirdən Azərbaycana, oradan da doğulduğu Naxçıvana gətirilir, yenidən dəfn edilir. Bundan sonra növbəti, 1983-cü ildə şairin 100 illiyi münasibətilə bütün respublikada yubiley tədbirləri keçirilir, o cümlədən onun bəlkə ən gözəl əsəri, “Topal Teymur” dramına fikrimcə çox uğurlu bir teletamaşa çəkilir. Müstəqillikdən sonra Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində məqbərəsi də ucaldılır.