Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.
Hər zaman haqqı dediyini bildirən S.Həşimova hər kəlməsinin əvvəlində və sonunda Allah olduğunu vurğulayıb: “Heç kəs dəli deyil ki, haranınsa qapısını dayandığı yerdə qırsın. Necə olur ki, qazi gedib vuruşanda ağıllı idi, indi haqqını tələb edəndə dəli olur? Mən danışıb-dinmirəmsə, o demək deyil ki, hər şey yaxşıdır. Azərbaycanın bir generalı ölüb, Sahil Babayev mənim, şəhid ailələrinin qapısına piyada gəlməli idi. Gecə, gündüz fərq etməz, bir dəfə gəlməli idi”.
Onun sözlərinə görə, narazılığını ifadə edən qazilər haqlarını tələb edirlər və haqlıdırlar:
“Qazilər nə edibsə, düz edib. Şəhid valideynləri nə deyirsə, düz deyir. İki şəhid valideyninə bir az pul verib ağzını bağlamaqla dünya düzələn deyil. O uşaqlar hamısı gedib vuruşub, qolunu, ayağını, gözünü qoyub gəliblər, indi də haqlarını tələb edirlər. Haqqı tələb etdiklərinə görə dəlidirlər?! Xeyr! Qazilərimizi pis qələmə verməsinlər! Onlar nə tələb edirlərsə, dinləsinlər, layiqincə problemlərini həll etsinlər. Onlar ədalət tələb edirlər. Niyə vuruşmamışdan əvvəl, qolunu-qıçını itirməmişdən qabaq gedib Sahil Babayevin qapısında durmurdular? Deməli, indi haqları var ki, o qapıda dayanıb nəsə tələb edirlər”.