Vaxt.Az

“NATO turizm alyansı deyil”


 

Sammitdə Finlandiya və İsveçin üzvlüyünə baxılması Türkiyənin tələblərinə cavabdan asılı olacaq

“NATO turizm alyansı deyil” Finlandiya və İsveçin NATO üzvlüyünə müraciətinə bu ay Madriddə keçiriləcək sammitdə baxılması Stokholm və Helsinkinin Ankaranın tələblərinə cavabından asılı olacaq. Bunu iyunun 3-də Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

İsveç və Finlandiya Rusiyanın Ukraynaya hücumunun yaratdığı geosiyasi təhlükə ilə bağlı NATO üzvlüyü üçün ərizələrini ötən ay veriblər.

Lakin Türkiyə bu iki ölkənin NATO üzvlüyünə müsbət baxmadığını dərhal elan edib.

NATO-nun Nizamnaməsinə görə hər hansı ölkənin təşkilatın üzvü olması üçün bütün qalan üzvlərin razılığı tələb olunur.

Lakin Türkiyə Helsinki və Stokholmu kürd separatçıları və başqa terrorçu qruplaşmaları himayə etməkdə günahlandırır.

Bundan əvvəl bu iki ölkə ilə Türkiyə arasında keçirilən danışıqlarda Ankara tələblərinin qarşı tərəfə təqdim olunduğunu bildirib.

***

“Reuters” yazır ki, İsveç və Finlandiya Türkiyə ilə bu xüsusda danışıqların davam etdirildiyini bildiriblər.

Amma Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu həftə bildirib ki, Ankara Helsinki və Stokholmdan tələblərinə hələ də cavab almayıb.

Ərdoğanın müşaviri və sözçüsü İbrahim Kalın İspaniyanın “El Pais” qəzetinə deyib ki, Finlandiya və İsveçin ərizələrinə NATO-nun 29-30 iyun sammitində baxılıb-baxılmayacağı onların Türkiyənin tələblərinə cavabından asılı olacaq:

“Bu, İsveç və Finlandiyanın nə edəcəyindən asılı olacaq. Biz öz tələblərimizə cavab məsələsində irəliləyiş görsək, deməli prosesdə də inkişaf olacaq. NATO turizm və ya iqtisadi alyans deyil. Bu, təhlükəsizlik alyansıdır. Bu isə o deməkdir ki, təşkilat bütün üzvlərinin təhlükəsizliyini eyni dərəcədə və ədalətlə təmin etməlidir”.

 





04.06.2022    çap et  çap et