Vaxt.Az

Baydenin səfərinə zəmin hazırlanır


 

Səudiyyə Ərəbistanının iki nümayəndə heyəti ABŞ-a səfər edəcək

Baydenin səfərinə zəmin hazırlanır Ər-Riyad və Vaşinqton gərgin əlaqələri düzəltmək və prezident Co Baydenin səfərinə zəmin hazırlamaq üçün səyləri artırdığı bir vaxt, Səudiyyə hökumətinin iki nümayəndə heyəti bu ay Birləşmiş Ştatlara səfər etməyi planlaşdırır. Bu barədə şənbə günü rəsmilər məlumat veriblər.

Adlarının açıqlanmasını istəməyən iki rəsminin məlumatına görə, Səudiyyə Ərəbistanının Ticarət naziri Məcid ibn Abdullah əl-Qəsəbinin başçılığı ilə ilk nümayəndə heyətinin Vaşinqtona iyunun 15-də səfər edəcəyi gözlənilir. Sərmayə naziri Xalid əl-Fəlihin başçılıq etdiyi ikinci nümayəndə heyətinin isə ayın sonunda səfəri planlaşdırılıb.

Onlar deyib ki, nümayəndə heyətlərinə onlarla hökumət rəsmisi və Səudiyyə şirkətlərinin icraçılarının daxil olacağı gözlənilir. Onlar nəqliyyat, logistika və bərpa olunan enerji daxil olmaqla bir neçə sahədə razılıq və sazişləri müzakirə edəcəklər.

Səudiyyə Ərəbistanı şərh istəyinə dərhal cavab verməyib.

Bayden cümə günü açıq şəkildə yaxında Səudiyyə Ərəbistanına səfər edə biləcəyini etiraf edib. Bir neçə mənbədən verilən məlumata görə, bu səfər gözlənilir və səfər çərçivəsində Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla danışıqlar baş tuta bilər.

Səfər Səudiyyə Ərəbistanı ilə artan enerji qiymətləri, Yəmən müharibəsi və səudiyyəli jurnalist Camal Xaşuqçinin 2018-ci ildə krallığın İstanbuldakı konsulluğunda qətlə yetirilməsi səbəbilə gərginləşən münasibətləri yaxşılaşdırmağa kömək edə bilər.

Baydenin açıqlamasının ardınca OPEC+ kimi tanınan Neft İxrac Edən Ölkələr Birliyi və müttəfiqləri neft hasilatını artırmaq qərarına gəlib, Səudiyyənin dəstəklədiyi hökumətlə İranyönlü husilər arasında isə Yəməndə atəşkəsin uzadılmasına dair razılıq elan olunub.

Körfəz ölkələrinin Çin və Rusiya ilə dərinləşən əlaqələrindən narahat olan ABŞ-ın mövqeyi də dəyişir.

“Baydenin səfərinin baş tutub-tutmayacağından asılı olmayaraq, hər iki ölkə institutlar səviyyəsində və müxtəlif sahələrdə əlaqələri bərpa etmək üzərində işləyirlər”.

 





05.06.2022    çap et  çap et