Son həftələrdə İranın bir neçə şəhərində artan yaşayış xərcləri və korrupsiyaya qarşı nümayişlər keçirilib.
“Bu gün düşmən İslam sisteminə zərbə vurmaq üçün xalq nümayişlərinə arxalanır”, – Xameneyi televiziyada yayımlanan çıxışında bildirib.
Mayın 23-də ölkənin cənub-qərbində yerləşən Abadan şəhərində tikilməkdə olan binanın çökməsinin 37 nəfərin ölümünə səbəb olmasından sonra ölkədə “səriştəsiz rəsmilərin” edam edilməsi tələbi ilə etirazlar keçirilib.
Xameneyi deyib ki, düşmən “insanları psixoloji yollarla, internet, pul və muzdluları səfərbər etmək vasitəsilə İslam respublikasına qarşı qaldırmağa ümid edir.”
O, Ayətullah Ruhullah Xomeyninin ölümünün ildönümündə onun türbəsində keçirilən mərasimdə izdiham önündə çıxış edib.
Xomeyni İslam respublikasını ABŞ-ın dəstəklədiyi şah hökumətinin 1979-cu ildə devrilməsindən sonra təsis edib.
“Amerikalılar və qərblilər keçmişdə müxtəlif məsələlərdə yanlış hesablamalar ediblər”, – Xameneyi deyib.
“Bu gün də onlar İran xalqını İslam respublikasına qarşı çıxaracaqlarını düşünmələri yanlış hesablamadır”.
Xameneyi Abadanda 10 mərtəbəli Metropol qülləsinin çökməsinə görə məsuliyyət daşıyan rəsmilərin cəzalandırıması üçün çağırışını təkrarlayıb.
Vilayətin ədliyyə orqanlarının məlumatına görə, mer və keçmiş iki mer daxil olmaqla 13 nəfər saxlanılıb.
İran Birləşmiş Ştatların 2018-ci ildə tətbiq etdiyi sanksiyaların təsirlərindən sarsılıb ki, Rusiyanın fevral ayında Ukraynaya hərbi müdaxiləsi nəticəsinə dünya boyu artan qiymətlər vəziyyəti daha da pisləşdirib.
İranda son illərdə yaşayış şəraiti ilə bağlı bir neçə etiraz dalğaları olub, xüsusilə də 2019-cu ildə yanacaq qiymətlərinin qabaqcadan elan olunmadan artması səbəbilə böyük etiraz aksiyaları keçirilib.
İran rəsmiləri etirazlarla bağlı zorakılıqlarda 230 nəfərin öldüyünü bildirib, ancaq Birləşmiş Millətlər Təşkilatının ekspertləri bu rəqəmin 400-ə yaxın olduğunu deyir.