Arif Babayev fitri istedadı ilə dünyanın məşhur riyaziyyatçılarının araşdırdığı problemlərin həllinə qısa müddətdə nail olurdu. Onun gözəl nitqi, güclü riyazi məntiqi, yüksək mədəniyyəti vardı.
A.Babayev ədəbiyyata, sənətə, musiqiyə, idmana yüksək qiymət verərdi. Öz fikirlərini yığcam, konkret şəkildə şərh edərdi.
Sanki dünyaya xeyirxahlıq üçün gəlmişdi və bu işdən zövq alırdı. Bizim oxuduğumuz illərdə hər gün onunla rastlaşırdıq. Mühazirəni elə ürəkdən deyirdi ki, təpədən dırnağa qədər tabaşir tozuna bulaşırdı. Yeganə oğlu Azad Babayevlə Təhsil Nazirliyinin Xarici Əlaqələr İdarəsində işləmişdik. Dost idik. Yüksək intellektual səviyyəyə malik olan Azad riyaziyyatla yanaşı ədəbiyyatı və fəlsəfəni də gözəl bilirdi. Görsənir ki, atası onun hərtərəfli şəxsiyyət kimi formalaşması üçün əlindən gələni əsirgəməmişdi. Azad Bərdə rayonunda buraxılış imtahanlarının monitorinqinə gedərkən avtoqəzaya düşdü və faciəvi şəkildə dünyasını dəyişdi.
Azadı Qala qəbiristanlığında atası Arif Babayevin yanında dəfn etdik. Akademiyanın Müxbir üzvü Arif Babayev anasının yanında dəfn olunmasını vəsiyyət etmişdi.
Allah rəhmət eləsin...