Vaxt.Az

4 iyuna gedən yol...


 

Keçmişdəki kimi, gələcəkdə də Rusiya yeni maşalarla müstəqil siyasətimizə həmlələr edəcək

4 iyuna gedən yol... Azərbaycan tarixində hələ uzun illər 1993-cü il iyunun 4-də baş verən hadisələr müzakirə predmeti kimi qalacaq, prosesin iştirakçılarının əksəriyyətinin söylədiyi fikirlər diskussiyalara səbəb olacaq - ona görə ki, 4 iyun sadəcə bir dövlət çevrilişi deyildi. Eyni zamanda, yeni qurulan dövlətdə formalaşmağa başlayan milli demokratik və həm də bəşəri dəyərlərin elə fidankən məhv edilməsi idi.

Prosesin iştirakçılarının çoxu sağdır: danışsınlar, yazsınlar, debatlara çıxsınlar, həqiqətin – gerçək tarixin ortaya çıxması üçün nə lazımdırsa, etsinlər. Bu, onların vəzifəsi və xalq qarşısında borclarıdır. 

Məni isə hər zaman 4 iyuna gedən yolun haradan başladığını düşünmüşəm...

– 1828-cü il “Türkmənçay” və 1813-ci il “Gülüstan” müqavilələri ilə bu milləti ikiyə bölən Çar Rusiyası və İran şahlığı

– 1918-ci ildə Şimalında  istiqlaliyyətə nail olmuş, “İnsanlara hürriyyət, millətlərə istiqlal” deyən, Şərqin və Türk dünyasının ilk Cümhuriyyəti Azərbaycanı işğal edən Rusiya bolşevikləri

– 1937-ci ildə müstəqilliyi və istiqlalı uğrunda yenidən baş qaldırmaması üçün düşünən beyinlərini, aydınlarını, fikir adamlarını məhv edən, sürgünə göndərən, güllələyən Sovet Rusiyası

– 1988-ci ildən başlayan, yenə müstəqillik üçün savaşan, torpaqlarının itirlməməsi üçün ayağa qalxan xalqa “20 yanvar” qırğınını yaşadan Sovet Rusiyası

– Əsrin faciəsi - Xocalı soyqırımını törədən Rusiyanın 366-cı motaatıcı alayı

– Laçın, Şuşa və Kəlbəcərin işğalında Rusiya əsgərlərinin birbaşa iştirakı

 4 iyun 1993-cü il dövlət çevrilişində Rusiya, ABŞ, BP neft şirkəti, İran, Süleyman Dəmirəl...

Bütün bu proseslərə isə Azərbaycanın tək və tutarlı cavabı: Rusiya qoşunlarının ölkəmizdən çıxarılması. Bu cavab həm də 4 iyunu tezləşdirən fakt oldu.

Müstəqillik zamanı zəngin neft yataqlarımızın olması səbəbindən regionda imperialist siyasət aparan tək dövlət Rusiya deyildi. Azərbaycanda coğrafi-iqtisadi maraqları olan bütün dövlətlər müstəqil və xalqın mənafeyini qoruyan bir hökumət istəmirdi. 

Azərbaycanın iqtisadi cəhətdən güclənməsi və bir dövlət kimi yüksəlişi Qafqazın Rusiyanın əlindən çıxması demək idi. Rusiya isə buna heç vaxt imkan verməməli idi.

Bu tarixi ardıcıllıq və bu gün yaşananlar isə göstərir ki, keçmişdə olduğu kimi, gələcəkdə də Rusiya yeni maşalarla müstəqil siyasətimizə həmlələr edəcək, bu, şübhəsizdir. Hər zaman olduğu kimi, yeni Rusiya sevdalılarını tapacaq, ortalığı qarışdıracaq.

Bəli, biz ona görə nərimanovların heykəllərinin götürülməsini istəyirik ki, məhz Nərimanov və onun kimilər bilərəkdən ya da “aldanaraq” Azərbaycanın səadətini Rusiyada görürdülər.

Nərimanov Rusiyaya olan sevdanın təcəssümüdür. 

Rusiyaya olan sevdanı yıxaq ki, 4 iyunlar təkrarlanmasın.

Müstəqil Azərbaycanın dostu ola biləcək qonşusuna ehtiyacı var.

P.S.: 4 iyunda Gəncədə dövlət çevrilişinin qarşısını alarkən qiyamçılar tərəfindən şəhid edilən Prezident Qvardiyasının əsgərlərini sayğı ilə yad edirəm!

 





06.06.2022    çap et  çap et