O səfərdən qayıdandan sonra dostlarım məndən Amerika təəssüratlarımı soruşmuşdu. Demişdim: “Adamlar dövlət qurmaq istəyib, çaşıb Cənnət qurub”.
Əlbəttə, özləri üçün.
Bəs niyə Cənnət?! Söhbət dövlətdən gedirdi axı. Cavabı çox sadədir: bizim çoxumuzun təsəvvüründə Cənnət dediyimiz yer əsrarəngiz təbiət gözəllikləri ilə dolu, hər cür nemətin bol, üstəlik də hurilərin, mələklərin çox olduğu bir məkandır. Yox! Orda birinci dəfə iyirmi gün qalmışdım, heç kimin çiynində qanad görmədim. Doğru qurulmuş sistemin özü də bir Cənnətdir.
Təbii, bu Cənnətdə də yoxsul var, çox yoxsul var, zəngin var, çox zəngin var. Ancaq...
Kim deyir ki, təsəvvürümüzdəki Cənnətdə də hamı eyni cür yaşayacaq?! Bəlkə orda da varlı-kasıb var...
Doğrusu, bu söhbətlərə heç həvəsim yoxdur. Dini mövzular məni çox da çəkmir.
...Düz bir il əvvəl bu vaxt təyyarə ilə Çikaqoya enirdim, bir il sonra da avtobusla Şuşaya qalxırdım... Dili söz tutan hər bir Azərbaycanlının “Cənnət” adlandırdığı şəhərə.
Yol boyu elə bu haqda düşünürdüm; Qərblilərlə bizim Cənnət barədə təsəvvürlərimiz bu qədər fərqlidir.
Hərçənd orta çağlarda onlar bizdən çox geridəydilər; Avropada Roma Papası kilsələrdə inanclı xristianlara indulgensiya satdıranda Osmanlı Sultanı üç qitəyə ədalət yayırdı. İndulgensiya dediyiniz “cənnət qəbzi” idi. Kilsə hətta ölülər üçün də mərhumların yaxınlarına bu “qəbz”i satırdı (ki, o dünyada Cənnətin qapısından içəri buraxsınlar). Onda heç indiki Amerika da yox idi. Yaxşı ki, Martin Lüter, Jan Kalvin çıxdı ortaya, kilsənin bu “bazar”ını bağladılar. Almaniyada və Niderlandda protestantlıq belə yarandı. Və bir gün həmin Martin Lüter belə demişdi: “Türkləri Avropaya buraxın, onlar ədalət gətirir”.
Üstündən 500 il keçəndən sonra Şuşaya satılan avtobus biletini də az qala Cənnətə buraxılış vərəqəsi sananlar var.
Qalaya çatar-çatmaz bizi paltarımızın son sapına qədər islatmış, Cıdır düzünü palçıq bataqlığına çevirmiş yağışa da mədhiyyə deyənlər tapılmışdı: “Şuşaya göydən nur yağır”.
Yox bir dürr yağır. Şuşanın palçığının da gözəl olduğunu iddia edən çamurşünaslar da bir ayrı dərd! Nə bilim, Şuşa sehrliymiş, Şuşanın quşları da başqa cür cəh-cəh vururmuş...
Yox artıq! Daha nələr!
Bu nə pafos, bu nə metaforalar, canım?! Avtobusa da bileti pulla almamışıq ki, deyəsən “Cənnət qəbzi”nin haqqını verirsən, dadını çıxarmağa çalışırsan. Bura hansı uzun yoxlanışlardan keçib ac-susuz yol gəldiyini unutdun, yaxşı elədin. Əsgərimiz kimi qayalardan dırmanıb gəlməmisən, rahat, isti kresloda oturub gəlmişik. Bunun qiyməti paybiçilməz!
Festivaldaydıq. O palçığı, yağışı vəsf edincə, gərək, mədəniyyət nazirini istefaya çağıraydıq. Çağırmadıq... Yağış suyu səhnəyə tökülür; gürcü rəqqasələr bir-birinin ardınca səhnədə yıxılır. Biz də onları alqışlarla təsəlli edirik; yeniyetmə qızların oynamağından çox, yıxılmağına əl çaldıq. Baxdım, nazir məndən də bərk əl çalır o fağırlara. Təsəlli alqışından qulaq tutulur. Bəs bu səhnəni quranlara o qızcığazların ürəyində etdiyi “alqışları” kim eşitdi?!
...Şuşaya gedən yol yarı olmamış, sərnişinlərin yarısından çoxunu yuxu basıb. Mən özümü sıxmışam, yuxulamamaq üçün çabalayıram. Deyirəm, Füzulinin torpaqlarını ötüb keçənə qədər yatmaq yoxdu!
Heç olmasa, magistraldan Merdinlidə ayrılıb kəndimizə gedən yolu, Mirzəcamallı ilə aramızdakı Yedditəpəni görüm... Axır nə isə bir şey görüm də.
Bəlkə də indiyə qədər kəndə çoxdan gedib-gələrdim. Ancaq qəribə bir inad, tərslik var məndə. Bir hədd var; öz doğulub böyüdüyüm kəndə, evimə getmək üçün minnət götürmək, kimdənsə icazə almaq ağır gəlir.
Bilmirəm, bəlkə də bu hissi aşaram bir gün. Bəlkə bir gün ata yurdumun yaralı cazibəsi qürurumun höcətinə üstün gələr.
Hələlik öz nisgilimə və həsrət duyğularıma dirənirəm.
Açığını desəm, heç Şuşaya da getmək istəmirdim; ailəm də, dostlarım da bilir. Getdim, gözlədiyim kimi, sevindiyim qədər peşman da oldum. Gərək belə getməyəydim. Ya da heç getməyəydim. Günahımı boynuma alıram.
...Bakıda - qəsəbə bazarında balıq satan hələlik Şuşasız olan Şuşalının qarşısında sanki üzüm qaradır; mən o gün Cıdır düzündə leysan yağışın altında Tunisli popçuya qulaq asırdım, həmin qardaş isə o bazarda yəqin əlindəki dəsmalla gah saçına, üzünə çırpılan may yağışının suyunu silir, gah da dəsmalı sağa-sola yelləyərək balıqları uçuşan böcəklərdən qoruyurdu.
Əslində heç böcək də uçmur bu yağışda; Qalalı vərdiş eləyib yelləməyi... Elə bil Şuşada manqalı yelləyir...
- Şuşaya gedirsən demək...
Belə demişdi. Və sonra da dərindən susmuşdu. Sınayıcı (bəlkə də qınayıcı) susqunluq bir neçə dəqiqə çəkmişdi.
Bu an nədənsə heç nə deyə bilmirəm. Onun sükutunu eşitmək istəyirəm. Bəlkə də bu sükut soruşur: “Otuz ildir Şuşasızam, belə getsə, daha nə qədər Şuşasız qalacam?!”. Bəlkə də heç elə demir. Ola bilsin: “Sağ-salamat get, gəl. Qismət olar, mən də gedərəm” deyir.
Sükutu yenə özü pozur:
-Düşməndən aldılar Şuşanı, gözləyək, görək, bizə nə vaxt qaytarırlar.
- Sənə kim nə qaytarmalıdır ki? Özün qayıdacaqsan, -deyə solğun bir təsəlli verəsi oldum.
Bu, heç təsəlli də deyil! Nə isə artıq...
İnsan təbiəti belədir axı; razı salmaq müşkül məsələdir. İki il əvvəl Şuşanı yuxuda görəndə sevinirdi. İndi Şuşa artıq yuxu deyil, gerçəkdir. Həm də çox gerçək!
Biz bəzən içində olduğumuz reallığın fərqinə varmırıq; yüz illərdir ki, ancaq torpaq itirmişik, xatırladım. Kimsə çox haqlı deyib: “Biz öz tarixi torpaqlarımızla həmsərhədik”. Çox ağır taledir; sənin torpağında başqasının yuva qurması, sənin evində yadın yaşaması! Və buna uzaqdan baxmaq!
Ancaq, bax, indi Şuşaya yaxından baxırıq. Yüzillərlə əlimizdən alınanın bir hissəsini qaytarmışıq. Qürurumuzu yerdən qaldırmışıq. Başımız dik gəzirik artıq. Hə, doğrudur, hələ o torpaqlara qayıda bilməmişik. O gün də gələr!
Elə biri mən: Şuşaya gedirdim və öz doğulub böyüdüyüm torpağa... avtobusun pəncərəsindən baxmaq düşmüşdü bəxtimə. Bu yaşımda bulud kimi dolub durmuşam: bu torpaqların hər qarışı qanla suvarılıb.
Bir bəxtəvər günümdə üstündə gəzəcəyim, ya da altında uyuyacağım bu torpaq onun uğrunda döyüşənlərin çiynindədir. Aldığımız hər nəfəs şəhidlərimizin verdiyi son nəfəsdir.
Dolmuşam, bir də hüznqarışıq qürur da hiss edirəm.
Pəncərənin qarşısından bir-bir ötüb keçən xaraba kəndlər, yandırılmış, uçurulmuş evlər, sönmüş ocaqlar, dağılmış tifaqlar kədərimi və qəzəbimi eyni vaxtda körükləyir.
“İnsanı heç nə özünün dağılan xoşbəxtliyinin qəlpələri qədər yaralaya bilməz”. Bunu deyən Mixail Jvanetskidir. Deyən adam özü sənətcə yumoristdir, ancaq nə qədər kədərli gerçəkmiş bu frazanın anlamı!
Dağılan xoşbəxtliyimizin qəlpələrinə baxıram; quruca divarları, bəzən də, sadəcə, bünövrəsi qalmış bu keçmiş evlərin hamısının içində otlar, kollar, ağaclar bitib.
Bitkilər yaman vəfalıymış; bizim qoyub getdiklərimizə “sahib çıxıb”. İndi mənim evimdə də ağaclar yaşayır, şəklini görmüşəm. Adamlar öz evlərinin boş qalmağı ilə məcburən “barışmış” kimi olsalar da, ağac ürəyi razı gəlməyib; xaraba evlərə həyat daşıyıb. Ancaq bu mənzərənin özü məni kədərləndirir; düşmən topundan atılan mərmi səni fiziki olaraq bir dəfə yaralayar - ağır, ya da yüngül. Dağılan xoşbəxtliyin qəlpələri isə səni hər gün yaralayır. Hər nəfəs aldıqca, o ağrını sanki yaranı indicə almış kimi hiss edərsən.
Bir az sonra Qalada - balıqsatan o köçkünün yaralarına “tamaşa edəcəm”. Bəlkə də onun dağılan xoşbəxtliyinin xarabalıqları hələ minalardan təmizlənməyib. Elə isə mənim təqsirimdən keçsin; Şuşadakı evində qonaq ola bilməyəcəm...
Bakıya qayıdandan sonra o nimdaş qəsəbə bazarına getsəm, o balıq satan Şuşalını görsəm, bəlkə də onu muştuluqlayacam: “Az qalıb. Tezliklə Qalaya qalxarsan”. O da qayıdacaq ki: “Hə, yol çəkirlər təzədən. Dağları yarıb tunel qazırlar. Yol qısalacaq. Biz gedənə daha da rahat olacaq yollar. Belə deyirlər”.
– Belə deyirlər?!
– ...
– Bəs özün gedib görmək istəmirsən?!
– Görməyə yox, ölməyə gedəcəm...
– Ölməyə gedənlər, getdi, vuruşdu, şəhid oldu. Ən azı onların xatirinə sən yaşamağa get...
“Orda yaşanası 30 ilim vardı, o da keçib getdi” - bunu deməyəcək. Ya da o qədər ucadan qışqıracaq, mən... eşidə bilməyəcəm. İçindən qışqıracaqsa...
...Elə hey susur.
Onu qınamıram. Susmalı o qədər şey var ki! Danışılası deyil. Yarım əsrdən çoxdur bu Dünyada yaşayıram, amma bu yorğun didərgin qədər bədbin bir susqun görmədim.
Hamı gözəl-gözəl danışır. O isə çox gözəl... susur.
...Salyandan keçəndə o qəsəbə bazarında balıq satan məğrur, kasıb və kədərli Qalalını bir də xatırladım. Onun satdığı balıq buralardan - daha doğrusu, Salyanın qonşusu Neftçaladan gedir. Hər gün lap sübh tezdən Qalalı qatar stansiyasına gəlir. Ordan sata biləcəyi qədər balıq götürür. Düzü, nə qədər sata biləcəyini heç vaxt dəqiq tutdura bilməyib. Bəlkə ona görə kasıbdır hələ də. Səbəbini soruşsam, sualıma sualla cavab verəcək:
– Bazarda balıq satmaqla milyoner olajam, dədə?!
– Niyə də olmasın?! Bərdədən Bakıya ət daşıyanın Mayamidə villası var...
Tez mənbəni də açıqladım: tanış qəssab deyib, qulaq yalançısı olum. Hərçənd bu balıqçı o qəssabı tanımır.
Mayamidəki villa söhbətindən köçkünün tükü də tərpənmir; Mayami nədir?! Burdan-bura Qalaya qalxa bilmir. “Gündəlik “çörəkpulu”na çıxıram” deyir.
Bir az pul yığa bilsə, balıq dükanı açar. Ora bir akvarium qoyar. Akvariumun üstünə də məftildən toxunmuş tor örtük quraşdırar ki, passionar gənc balıqlar azadlığa sıçrayanda bayıra - dükanın döşəməsinə, ya da alıcının üstünə düşməsin.
Bunları onun əvəzindən - özündən də çox mən xəyal edirəm. Ancaq bu xəyaldan da qəflətən ürəyim sıxılır; o, alıcının seçdiyi bədbəxt balığı akvariumdan çıxaracaq.
Qol yoğunluğunqda dəmir borunun ucuna basketbol səbəti kimi tor torba bağlayıb. Onu akvariumda gəzdirir. Tora bir balıq düşür. Alıcı deyir:
-Yox, o deyil.
Qalalı balığı təzədən suya buraxır. O anda o balıq, bilsəniz, necə sevinir! Ciyərdolusu nəfəs alıb quyruğunu şəstlə oynadaraq dərinliyə baş vurur.
Akvariumun içində... azadlıq, hə?!
Ancaq, budur, seçilmiş o bədbəxt, yəni o bədbəxt seçilmiş balıq artıq tordadır.
Yox, yox! Qalalının əlindəki ağır taxta toppuzla o balığın başına endirdiyi zərbəyə baxacaq gücüm yoxdur. Sonra da içini təmizləyib doğrayacaq...
Bəs biz hansı akvariumdayıq, dədə?! Yuxarı sıçrayanda bizim də başımız dəmir torlara dəyirmi?! Bizi kim qurbanlıq seçir?! O toppuzdan bizim kəlləmiz üçün də varmı?! Yeri gələndə, biz də bir azca balığıq axı, qardaş...
Dibsiz və sahilsiz Hava okeanında “üzürük”. Üzməyimiz də köpək balığına, ya da balıqçı toruna rast gələnə qədərdir. Bu dibsiz və sahilsiz Okeanda o qədərincə azadıq. Cənnətimizlə Cəhənnəmimizin sərhədləri yoxdur, ya da o sərhəd özümüz belə görə bilməyəcəyimiz qədər... YOXDUR!
Maraqlıdır, o toppuzlu, akvariumlu balıqçılar da... sonunu Cənnətdə təsəvvür edir.
Bayaq balığın başına vurub qarnını yardı, içalatını zibil qutusuna atdı. Sonra da dükanın içində qanlı su sıçrantılarının və balıq bədənindən qopmuş fraqmentlərin çatmadığı uzaq küncdə canamazını sərib öz Allahı ilə ünsiyyətə başladı...
Diqqətlə zibil çəlləyinə baxıram: nə qədər balıq ürəyi - xəyalları, sevgiləri var bu çirkli, zəhmli dəmir qabın içində. O balığın Cənnəti-Cəhənnəmidir bu çəllək.
Bəs bu küskün köçkün?! O balığa bənzəyir?!
Əslinə qalanda bu dəm bu balıqçı Şuşalı, Şuşalı balıqçı üçün “Cənnət” dediyimiz o yer nə başı dumanlı dağlardır, nə də keçilməz, sərin meşəliklər... “Fərman padşahındır, dağlar bizimdir” folklorundan da xəbərsizdi elə bil...
O dağda, qayada, bulaq başında dolaşmır balıqsatan köçkünün xəyalı. Onun bu saat tanıdığı və sığındığı, tutunduğu tək bir ağac var, o da... “çörək ağacı”. Və o “çörək ağacı” bu kasıb qəsəbə bazarındakı bu balaca piştaxtanın üstünə Neftçaladan gəlir...
İnsanı yaşada bilən torpaq Cənnətdir desək... Bu Şuşalının Cənnəti də hələ ki Neftçala olsa gərək. Neftli çala!
...Hələ Şuşaya çatmamışıq, amma mən fikrən yenə Miçiqan gölünün sahilinə qayıdıram: bəli, ADAMLAR DÖVLƏT QURMAQ İSTƏYİBLƏR, ÇAŞIB... CƏNNƏT QURUBLAR.
Bəli, özləri qurub, özləri üçün...
Mən bu haqda elə hey düşünürəm: Dünyada öz vətəndaşı üçün cəhənnəmə dönmüş ölkələr çoxdur. Afrikada, Asiyada, Cənubi Amerikada, lap elə periferik Avropanın ən şərq qurtaracağında... Çoxunu da zamanında ya xoşbəxt Axirət vədi ilə uyudurlar, ya da müharibə, ölüm qorxusu ilə...
Zamanında Səməd Mənsur bolşeviklərə xitabən yazmışdı: “O zəndi-xəta sizdə də var, bizdə də var”. Yəni siz adına “Kommunizm” deyirsiniz, biz “Cənnət”. Gerilikçi düşüncənin öz Cənnət biçimi var: “Bu Dünyada zülm görsəm də olar, onsuz da Cənnətdə cah-cəlal içində yaşayacam”.
Vaxtlı-vaxtında ibadətini qıl, 11 aydan bir oruc tut, ziyarətgahları dolaş, sonra da gəl, dizini qatla, otur, savablarının, günahlarının kalkulyasiyasını apar, vəd olunan Axirətini gözlə, bioloji vaxtını Cənnət huriləri ilə tanışlığın xülyasına qur... Oh, nə gözəl!
Ancaq... Dünyanın başqa yerində insanlar Cənnəti qurub yaşamaqda! Sənin xəyalındakını o elə indi, elə burda yaşayır axı!
Bax, 300 milyondan çox insanın yaşadığı bu böyük ölkədə - Amerikada nə qanunlar şahdır, nə də şah -qanun! Çünki burda heç şah yoxdur! Burda azadlıq hissini hər addımda duya bilirsən.
Və düşünürsən ki, əslində Cənnət dediyin vəhşi təbiətin gözəlliyi ilə ölçülmür, azad cəmiyyətin özəlliyi ilə ölçülür. İnsanın azad olduğu, dəyər gördüyü hər yer Cənnətdir. İstər yaşıl meşələrlə örtülmüş dağlar olsun, istərsə də, quruca səhra...
Təkcə təbiət gözəlliklərinə qalsa, gərək, Konqoya Cənnət deyəsən. Bəs onda o daşlı-qayalı - yandırıcı yarımsəhradakı İsrailə nə deyəcəksən?!
Qərbi Afrikanın və Şərqi Asiyanın, elə Mərkəzi və Cənubi Amerikanın necə zəngin, gözəl təbiəti var! Florası, faunası... Ancaq ordakı ölkələrin, insanları hamısı xoşbəxtdirmi?! Yox! Şimali və Cənubi Koreyalara baxın. Bir almanın iki üzü.
Yox!
Hələ əsrarəngiz təbiəti, zəngin sərvətləri olan ölkə Cənnət deyil. İnsan azad olduğu qədər xoşbəxtdir. Azadlıq olan yer Cənnət misalıdır, məncə...
... Öz taleyini, keçmişini-gələcəyini, ümidini-ümidsizliyini o nimdaş bazardakı “çörək ağacı”na bağlamış bu küskün-köçkün balıqçıya mən indi nə deyim?! Deyimmi: “Bax, gör, nə gözəl yaşayırsan! Çaylar şırıldayır, bülbüllər cəh-cəh vurur...”