Qarabağ müharibəsi zamanı Çingiz Mustafayevin Xocalı kadrlarının yayımlandığı vaxtlarda teleekranlarda, radio efirində «Qalx, qalx, sən ey mərd xalq» deyib, mübarizəyə çağıran Mübariz Tağıyevin qəlbləri titrədən ifası da səslənirdi. Buradakı keçmiş zaman sizi aldatmasın, mübariz ruh indi də var, amma Xalq artisti təkcə vətəndaşı deyil, vətənin daşını da titrətməli olan mahnıların azlığından şikayətçidir. Eyni zamanda, dövrün acı reallıqlarını tərəddüdsüz qəbul edən müsahibim bir çox meyarlar kimi peşəkarlığın da meyarlarının dəyişdiyini deyir...
- Hər bir məfhum kimi peşəkarlığa da
zaman və məkan kontekstindən yanaşmaq lazımdır. Ancaq çox təəssüf ki, bizim
insanların yarısı ötən əsrin düşüncəsi ilə, yarısı isə hər iki dövrün ortasında
yaşayır, hadisələri də bu prizmalardan dəyərləndirir. Xüsusilə bizim nəsildə
elələri oldu ki, «incimişəm» deyib kənara çəkildi. Kimdən və nədən
incidiklərini dərk edib aydınlaşdırana qədər xeyli zaman keçdi, unuduldular.
İndiki dövrdə unudulmaq qədər asan bir şey yoxdur. Bu baxımdan götürdükdə,
peşəkarlıq uzun, kəşməkəşli bir yoldur və daim yeniliyi, axtarışı, bir də
zamanın nəbzini tutmağı sevir. Bu yolu dövrün tələblərini gözardı etmədən
keçdikdə sənət püxtələşir, sənətkar kamilləşir, gördüyü işdə əminlik, müdriklik
yaranır.
Ancaq peşəkarlığı dar çərçivəyə salıb
sırf yaşla da əlaqələndirmək olmaz. Gənc nəslin içərisində də kifayət qədər
peşəkar hesab edə biləcəyimiz insanlar var. Yaşları 28, 30 olsa da, bu sənətdə
xeyli məsafə qət ediblər. Həm nəzəri bilikləri, həm oxu tərzləri, həm də səs
diapazonları onları peşəkar adlandırmağa imkan verir. Bu yaxınlarda «Böyük
səhnə» layihəsi üçün Ukraynaya getmişdim. Müsabiqəyə peşəkar sayıla biləcək
xeyli sayda gənclərimiz qatılmışdı. Bu da bir daha onu göstərir ki, peşəkarlıq
sırf yaşla əlaqəli məfhum deyil, sadəcə, yaşla püxtələşən anlayışdır.
- Siz özünüz bu yolu necə keçmisiniz?
- Yəqin bilirsiniz ki, mənim sənət yolum
qürbətdən, əslində isə qədim Azərbaycan torpağı İrəvandan başlayıb. Milli
münaqişənin hələ təzə közərdiyi illərə qədər zahirən hər şey normal görünürdü.
Bununla belə, erməni cəmiyyətində azərbaycanlılara qarşı daxili nifrət həmişə
olub, bunu biz də hiss etmişik. Biz hələ gənc ikən məscidləri bağlayırdılar,
azərbaycanlıların kompakt yaşadığı məhəllələri park salmaq adı ilə sökürdülər.
Bu cür hallar az da olsa baş verirdi. Məşhurluğuma, konsertlərdə tez-tez yer
almağıma baxmayaraq, məni də sıxışdırmağa başladılar. Televiziyada yayımlanan
konsertlərdə oxuduğum hissələri kəsib çıxarırdılar, bəzi konsertlərə bilərəkdən
dəvət etmirdilər. Bütün bunlar mənə olduqca pis təsir edirdi. Öz-özümə sual
edirdim ki, axı mən niyə öz millətimin arasında deyiləm ki, bütün bunlar da
mənim başıma gəlir?! 70-ci illərdə Azərbaycana gəlməyə qərar verdim. O vaxt
Azərbaycanda da sənətdə müəyyən problemlər, intriqalar var idi. Ancaq şükürlər
olsun ki, Rəşid Behbudovla səhnə paylaşdım, ondan həm peşəkarlıq, həm də peşə
əxlaqı ilə bağlı dərslər aldım, püxtələşdim. Yeri gəlmişkən, bir hadisəni
danışım. Bir dəfə Rəşid müəllim konsert zamanı zalı yarım saatlıq mənə həvalə
etdi, dedi, çıx, oxu, meydan sənindi. Mən də, belə desək, bu imkandan istifadə
edib daha əmin, daha özündən razı oxumağa başladım. Hətta zal ilə söhbət də
etdim. Sən demə, Rəşid müəllim bütün hərəkətlərimə fikir verirmiş. Səhnədən
düşəndə mənə dedi ki, hər şey yaxşı idi, ancaq cümlələri birinci şəxsin təkində
az qur. Unutma ki, zalda müəllimdən tutmuş akademikə qədər hər cür insan var.
Çox təəssüf ki, indi belə deyil, müğənni
auditoriyaya dərs keçməyə çalışır, ancaq unudur ki, onu yaşadan da, bu zirvəyə
qaldıran da tamaşaçıdır. Ona görə də gənclər, ümumiyyətlə, sənətdə olan hər kəs
tamaşaçıya hörmətlə yanaşmağı öyrənməlidir, özünü ondan yüksək tutmamalıdır.
Bəstəkarlar arasında da bu var. Bəzən elə adamlar gəlib elə mahnı təklif
edirlər ki, nə cavab verəcəyini belə bilmirsən. Hələ «bu mahnını sizin üçün
yazmışam, ancaq sizin ifanızda görürəm bu mahnını» deyənlər var ki, etika
xətrinə kəskin söz işlətmirsən. Deyə bilmirsən ki, bu qədər zəngin musiqisi,
muğamı olan millətin belə cılız bəstələri olmamalıdır axı.
- Sənətdəki bir çox bacarıqlı gənclər
dünyaya çıxmalı olduqları halda heç yerli səhnədə yetərincə görünmürlər. «Eurovision»
kimi böyük mahnı müsabiqələrində ölkəmizi uğurla təmsil edənlər niyə üzdə
deyillər?
- Olduqca ağrılı məqama toxunursunuz.
Mənim özümün də münsiflər heyətində əyləşdiyim bir neçə müsabiqə keçirildi.
İştirakçıların arasından ən layiqlilərini seçib ortaya çıxarmağa çalışdıq.
Həqiqətən də aralarında istedadlı, musiqi duyumu, xarici görünüşü olan
gənclərimiz çoxdur. Biz bu müsabiqələri keçirərkən fikirləşirdik ki, müəyyən
yollarla onlara dünya səhnəsinə çıxmaq üçün imkanlar yaradaq. Onlardan bəziləri
«Eurovision» mahnı müsabiqəsinə qatılıb uğurla vətənə döndülər. Ancaq son
nəticə dəyişmədi. Bu gün ən böyük tədbirlərdə onlar yoxdurlar, öndə deyillər.
Hansı ki, bu gün onlar böyük menecerlərlə müqavilə bağlayıb dünya şou-biznesinə
qoşulmalı idilər. Bütün bunlar ona görə baş vermədi ki, bizdə peşəkar, böyük
maddi-texniki bazaya sahib prodüser mərkəzləri, prodakşnlar formalaşmayıb. Bu
gənclər də, yumşaq desək, havada qaldılar, kimlə və necə işləyəcəklərini
bilmədilər. Halbuki, onlar üçün dünya səviyyəsində mahnılar yazılmalı, kliplər
çəkilməli, böyük arenalarda konsertlər təşkil olunmalı, albom satışlarından,
konsertlərdən gələn gəlirlər də müğənni ilə prodüser mərkəzi arasında bölünməli
idi. Ancaq çox təəssüf ki, bu məsələdə kifayət qədər gecikdik, bu işlər
qurulmadı. Mən şəxsən çox istərdim ki, ən azı ölkə gənclərinin dünya arenasına çıxışını
təmin etmək üçün dövlət xətti ilə hər hansı bir agentlik yaradılsın, ən azı
həmin gənclər Avropada fəaliyyət göstərən prodüser mərkəzlərinə çıxış əldə
etsinlər və özlərini orada reallaşdırsınlar. Bu, ölkəmizin tanıtımı baxımından
çox önəmlidir. Bizim dövrümüzdə Rəşid Behbudovu, Müslüm Maqomayevi, Zeynəb
Xanlarovanı bir azərbaycanlı kimi bütün dünya tanıyırdı, baxmayaraq ki, heç
müstəqil dövlət də deyildik. Bu gün də bizi müsbət yöndən dünyaya tanıdacaq
sənətçilərə ehtiyacımız var.
- Daha bir narahatlıq doğuran məqam isə
vətənpərvərlik mövzusunda mahnıların çoxluğu, amma təsir gücünün zəif
olmasıdır...
- Düz deyirsiniz, bu gün, demək olar ki, hər bir müğənninin repertuarında bir və ya iki vətənpərvərlik mahnısı var. Ancaq onların nə ifa səviyyəsi, nə də mahnının bədii gücü kifayət qədər deyil. Buna səbəb müğənnidə, bəstəkarda səmimiyyət çatışmazlığıdır. Çünki bir çoxları bu cür mahnıları müəyyən tədbirlərdə çıxış etmək xətrinə oxuyurlar. Ona görə də bu cür mənzərə yaranır. Ancaq məqsəd nə olursa olsun, səmimi ifa edilməyən, səmimiyyətdən doğulmayan mahnılar vətənpərvərlik mahnıları hesab edilə bilməz. Mənə bir neçə il əvvəl bir vətənpərvərlik mahnısı təklif olunmuşdu. Ancaq o mahnıda yazıqlıq, ruh düşkünlüyü olduğu üçün təklifi geri çevirdim. Düzdür, başqa bir müğənni oxudu, pis də oxumadı. Ancaq mən yenə də o qənaətdəyəm ki, vətənpərvərlik mahnıları insanları ağlatmaq, sızlatmaq üçün deyil, mübarizəyə səsləmək üçündür!