Vaxt.Az

Lavrovu Serbiyaya buraxmadılar


 

Prezident Vuçiçin bununla bağlı xalqa müraciəti gözlənilir

Lavrovu Serbiyaya buraxmadılar Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Serbiyaya səfəri təxirə salınıb. Buna Serbiyanın Balkan qonşularından bəzilərinin nazirin təyyarəsini öz hava məkanlarına buraxmaması səbəb olub.

“Serbiya ətrafındakı ölkələr Sergey Lavrovun təyyarəsinin hava məkanlarına qəbulundan imtina etməklə kommunikasiya xəttini bloklayıblar”, – nazirliyin sözçüsü Mariya Zaxarova iyunun 6-da Rusiyanın dövlət xəbər agentliklərinə deyib.

Zaxarova konkret ölkə adı çəkməyib. Amma “İnterfax” nazirliyin yüksək rütbəli rəsmisinə istinadla söhbətin Bolqarıstan, Şimali Makedoniya və Monteneqrodan getdiyini bildirib. Bu üç ölkə NATO təhlükəsizlik alyansının üzvləridir və məhdudiyyət Moskvanın Ukraynaya qarşı müharibəsindən dolayı qoyulub.

***

Lavrov Serbiyada yüksək rütbəli rəsmilərlə, o cümlədən Prezident Aleksandr Vuçiç, Serbiya Patriarxı Porfirije ilə görüşməliydi.

Vuçiç bu gün (6 iyun) axşam Lavrovun səfərinin təxirə düşməsilə bağlı xalqa müraciət etməlidir.

Görüşlərin əsas müzakirə mövzularından biri Rusiyadan Serbiyaya enerji təchizatı idi. İki ölkə bu yaxınlarda təbii qaz təchizatı üzrə üçillik razılaşma imzalayıblar. Moskva Rusiya qazı üçün rublla ödənişdən imtina edən Avropa ölkələrindən bəzilərinə təchizatı dayandırıb.

***

Belqrad Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibəni pisləsə də, Rusiyaya və rəhbərliyinə qarşı Qərbin sanksiyalarına qoşulmayıb.

Moskva və Belqrad uzunmüddətli müttəfiqlərdir.

 





06.06.2022    çap et  çap et