Vaxt.Az

“Elbaşı” statusu tarix oldu


 

Yeni dəyişikliklər Nazarbayevi əksər imtiyazlardan məhrum etdi

“Elbaşı” statusu tarix oldu İlkin məlumatlara görə, iyunun 5-də keçirilən referendumda Qazaxıstan Konstitusiyasına dəyişiklikləri səs verənlərin 77,18 faizi dəstəkləyib. Nur.kz saytı xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Dəyişikliklərə referendum iştirakçılarının 18,66 faizi etiraz edib. Bülletenlərin 2,58 faizi etibarsız sayılıb. Orada hər iki cavab seçildiyindən səslərin hesablanması zamanı bülletenlərin 1,58 faizi nəzərə alınmayıb. Tengrinews.kz saytı isə Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, referendumda seçici fəallığı 68,06 faiz təşkil edib. Referendumda iştirak edən MDB müşahidəçiləri yalnız “xırda” pozuntular barədə məlumat veriblər.

Aprelin sonunda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin təşəbbüsü ilə keçirilib. Ölkə  əhalisi Konstitusiyanın 33 maddəsinə 56 düzəlişin lehinə səs verməyə dəvət olunub. Dəyişikliklərin mətni mayın əvvəlində dərc edilib.

Konstitusiyaya təklif olunan dəyişikliklər Qazaxıstanın super-prezident respublikasından güclü parlamentli prezident respublikasına keçidini nəzərdə tutur. Dəyişikliklər, həmçinin, ölkənin birinci prezidenti Nursultan Nazarbayevi əksər imtiyazlardan, o cümlədən “elbaşı” və ya “millət lideri” statusundan məhrum edir. Bundan başqa, prezidentin qohumlarına dövlət strukturlarında rəhbər vəzifələr tutmağı qadağan edir, Konstitusiya Məhkəməsinin yaradılmasını, insan hüquqları üzrə ombudsman statusunun möhkəmləndirilməsini və ölüm hökmünün tam qadağan edilməsini təklif edir.

Xatırladıram ki, 2022-ci ilin yanvarında Qazaxıstanda qazın bahalaşmasına etirazlarla başlayan iğtişaşlar baş vermişdi. İğtişaşlar zamanı 200-dən çox insan həlak olub. İğtişaşları yatırtmaq üçün Tokayev KTMT ölkələrinin silahlı qüvvələrini dəvət etmişdi. Nəticədə Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırdı və birinci prezidentin bir çox qohumlarını rəhbər vəzifələrdən məhrum edildilər. İndi də Nazarbayevin son vəzifəsi əlindən alındı. Qaldı bircə paytaxtın adını dəyişmək.

 





06.06.2022    çap et  çap et