Şuranın rəhbəri İvar Abolinış deyib ki, qadağan ölkənin yeni qanunvericiliynə uyğun olaraq tətbiq edilir.
Bu qanuna görə Latviyanın varlığına hədə təşkil edən ölkələrdə qeydiyyatdan keçmiş media vasitələri ölkə ərazisində yayımlana bilməz. Latviya hazırda Rusiyanı məhz belə bir ölkə hesab edir.
Qərar iyunun 9-dan qüvvəyə minəcək və Abolinışın dediyinə görə “Rusiya Ukraynada müharibəni dayandırıb Krımı qaytaranadək” qüvvədə olacaq.
Söhbət ilk növbədə “E TV”, “İllyuzion+”, “Kino24”, “MirTV”, “Oxota i rıbalka” və başqa Rusiya telekanallarından gedir.
***
Bu da xəbər verilir ki, iyunun 6-da Latviyanın media şurası habelə Rusiyada qadağan edilmiş “Dojd” telekanalının yayımına lisenziya verib.
Bu telekanal 10 il Moskvada fəaliyyət göstərdikdən sonra “feyklər haqqında qanuna” görə mart ayında işini dayandırmalı olub.
Telekanalın baş direktoru Natlaya Sindeyeva deyib ki, “Dojd” kanalının işini davam etdirməsi onun əməkdaşlarının ən müxtəlif ittihamlarla cinayət təqibinə yol aça bilərdi.
Rusiya hazırda Kremlin mövqeyinə zidd məlumatlar verən bütün mediaların fəaliyyətini müxtəlif vasitələrlə məhdudlaşdırır.
“Dojd” telekanalının bir çox işçiləri Rusiyanı tərk ediblər və özlərinin “YouTube” kanallarını açıblar.
Bu telekanalın Latviyada iyunun 9-dan yayımlanacağı gözlənilir.