Vaxt.Az

Böyük Britaniyada “tarixi təcrübə”


 

Dördgünlük iş həftəsinin sınaqları başlanıb

Böyük Britaniyada “tarixi təcrübə” Böyük Britaniyada dördgünlük iş həftəsinin sınaqları başlanıb. Pilot layihə 6 iyun 2022-ci ildə başladılıb və 6 ay davam edəcək. Ümumilikdə sınaqda müxtəlif sahələr üzrə 70 şirkətdən olan 3300 işçi iştirak edəcək. Təcrübə 100:80:100 modelinə əsaslanır - öhdəliyi 100 faiz yerinə yetirmək müqabilində 80 faizlik vaxt üçün 100 faizlik əməkhaqqı.

Eksperiment “4 Day Week Global” qeyri-kommersiya təşkilatı tərəfindən “Autonomy” beyin mərkəzi, həmçinin Boston Kolleci, Kembric və Oksford Universitetlərinin tədqiqatçıları ilə birgə təşkil olunur.

Boston Kollecinin sosiologiya professoru və pilot layihənin aparıcı tədqiqatçısı Culiyet Şor layihəni “tarixi təcrübə” adlandırıb: “Biz əlavə istirahət gününün stress və bitginliyə, iş və həyat məmnunluğuna, işçilərin sağlamlığına, yuxusuna və enerjisinə, eləcə də onların həyatının bir çox digər aspektlərinə necə təsir etdiyini təhlil edəcəyik”.

Bundan əvvəl 2015-2019-cu illərdə qısaldılmış iş həftəsi ilə bağlı dünyanın ən böyük eksperimenti İslandiyada keçirilib. Burada müxtəlif sahələrdən 3000-ə yaxın dövlət qulluqçusu iştirak edib. Onun nəticələri müsbət qiymətləndirilib.

2022-ci ilin sonunda isə oxşar təcrübələrin İspaniya və Şotlandiyada da hökumətlərinin dəstəyi ilə keçirilməsi nəzərdə tutulub.

 





07.06.2022    çap et  çap et