Vaxt.Az

Maliyyə bazarlarında təhlükə göstəriciləri


 

Dünya iqtisadiyyatında narahatlıq doğuran zəifliklər hansılardır?

Maliyyə bazarlarında təhlükə göstəriciləri Ötən həftələrdə dünya bazarlarında inflyasiya ilə yanaşı diqqət çəkən məsələlərdən biri də durğunluq olub. İqtisadiyyatda durğunluq gözləntilərinin güclənməsi ilə bazarlara inam da eyni sürətlə zəifləyir. Bəs, dünya iqtisadiyyatında narahatlıq doğuran zəifliklər hansılardır? İqtisadçı yazıçı Ergin Yıldızoğlu vəziyyəti təhlil edib.

İqtisadiyyatda tənəzzül gözləntisi gücləndikcə, investorların bazarlara inamı da eyni sürətlə zəifləyir. “Financial Times” qəzetinin şərhində vurğulandığı kimi, “İnvestorlar indi nəyə güvənəcəklərini bilmirlər. Birjalar düşür, səhmlərin qiyməti düşür”. Bu siyahıya “qızıl düşür”ü də əlavə edə bilərik.

“Vanguart Global Corporate” istiqraz indeksi və “MSCİ” qlobal fond bazarı indeksi illik 12-13 faiz azalıb. Neft, qaz və strateji metalların qiymətləri də çox dəyişkəndir və durğunluq gözləntiləri qarşısında onların enmə tendensiyası güclüdür. Və bu eniş tendensiyası həm də tənəzzülün xəbərçisidir.

Buğda və qarğıdalı kimi taxılın da qiyməti sürətlə artır, lakin başqa bir problem də var: bu qiymət artımının inkişaf etməkdə olan ölkələrdə səbəb ola biləcəyi siyasi qeyri-sabitliyin iqtisadi nəticələrinin inkişaf etmiş ölkələrin maliyyə bazarlarına təsir etməsi ehtimalı, xüsusilə, borc böhranı kontekstində gözardı edilməyəcək qədər çox güclüdür. Burada da inkişafın mümkün istiqaməti tənəzzülə işarə edir.

***

Satınalma Pariteti indeksi baxımından yanaşdıqda, Çin dünya iqtisadiyyatının ən böyük hissəsini təşkil edir. Ancaq maliyyə bazarları və qlobal pul ehtiyatı baxımından ABŞ-ın dünya fond bazarında payı 59,9 faiz təşkil edir.

İkinci yerdə olan Yaponiya üçün bu göstərici cəmi 6,2 faizdir. Böyük Britaniya və Çin üçün bu rəqəm, müvafiq olaraq, 3,9 faiz və 3,6 faiz təşkil edir.

Avronun dövriyyəyə buraxılmasından sonra ABŞ dolları mərkəzi bankların ümumi qlobal ehtiyatlarında 17 xal itirsə də, hələ də 59-60 faiz civarındadır.

Bir sözlə, ABŞ-ın maliyyə bazarlarındakı davranışı dünya valyuta və fond birjalarındakı prosesləri müəyyən etmək gücünə malikdir.

Sektoral əsasda ABŞ-da yerləşən şirkətlərin bazar payları qlobal səviyyədə hələ də çox yüksəkdir. Məsələn, ABŞ-ın IT şirkətlərinin qlobal IT bazarlarında payı 73 faiz, istehlak və sənaye mallarında bu pay müvafiq olaraq, 49 faiz və 46 faiz təşkil edir.

Bu faiz “ABŞ şirkətləri” baxımından nəzərə alındıqda proqram sənayesində 86 faiz, səhiyyə məhsullarında isə 82, müdafiə-aviasiya sektorunda 73, kimyəvi maddələrdə 41 faizə yüksəlir.

Düşünürəm ki, bu müqayisə ABŞ şirkətlərinin fəaliyyətinin potensialını və tənəzzül gözləntilərinin ABŞ maliyyə bazarları vasitəsilə qlobal maliyyə bazarına təsir etmə potensialını göstərmək baxımından ideya verə bilər.

***

“Wall Street Journal” və “Financial Times” keçən həftə sonu “The Economist”in ötən həftədən başlayaraq “ayı bazarları”nın (daimi eniş tendensiyası) başlaması diaqnozu ilə razılaşırdılar. Həqiqətən də, ABŞ-da “Dow Jones” və “Nasdaq”dan daha çox təmsil olunan “S&P 500” son həftəni 2022-ci ilin əvvəlində ən yüksək göstəricilərə sahib olmasına rəğmən, 20 faizlik zərərlə bitirib.

“S&P 500” cümə günü təxminən 2.3 faiz ucuzlaşaraq “ayı bazarlarına” keçsə də Çindən gələn monetar ekspansiya xəbərləri ilə bir qədər bahalaşdı. Amma şərhçilər Çindəki COVİD-19 böhranının mənfi təsirlərinin və karantin tədbirlərinin istehsal-tədarük zəncirinə yaradacağı mənfi təsirlərin fonunda monetar ekspansiyanın qeyri-funksional vəziyyətə düşəcəyini qeyd etdikdən sonra nikbinlik azaldı.

Avropa fond bazarlarında ilin əvvəlindən ucuzlaşma tendensiyası müşahidə olunur. FT 100 (London) cümə günü bir qədər dəyər qazansa da, aprelin əvvəlindən bu yana 5 faiz azalıb.

“DAX (Frankfurt) və “CAC” 40 (Paris) birjalarının ilin əvvəlindən ötən həftəsonuna kimi itkisi 8,5 faiz təşkil edir.

Asiyada “Shanghai Composite” indeksi və “Tokio Nikkei” ilin əvvəlindən indiyədək müvafiq olaraq, 4,2 və 5,5 faiz dəyər itirmiş kimi görünür.

Mart ayının əvvəli ilə 20 may arasında təxminən yüzdə 8,5 dəyər itirən qızıl hələlik bir liman kimi investorlara çox da etibarlı görünmür.

Martın əvvəlində bareli 129,5 dollara yüksələn “Brent” neftinin ötən həftənin sonunda 111,94-ə enməsi, həmçinin qlobal strateji metallar indeksinin MVIS-nin aprelin əvvəlində 72 civarında olması və 20 may tarixində az qala 31-ə qədər enməsi də ən dinamik sektorların xammala tələbatının azaldığını göstərir ki, bu da tənəzzül ehtimalının getdikcə gücləndiyinə işarədir.

***

ABŞ iqtisadiyyatına qayıtsaq, keçən həftə iki qrup xəbər güclü bir tənəzzül və maliyyə böhranı riskinin gücləndiyini göstərir.

Birincisi, ev təsərrüfatlarının əsas məhsulları bazarının nəhəngləri, normalda səhmlərinin güvənli olduğu hesab edilən “Wallmart”, “Target” və “Smucher”in səhmləri keçən həftə müvafiq olaraq 18, 20 və 13 faiz ucuzlaşıb.

“Mega Cap8” kimi tanınan nəhəng texnologiya şirkətlərinin (“Amazon”, “Alphabet”, “Apple”, “Meta”, “Microsoft”, “Netflix”, “Nvidia” və “Tesla”) səhmlərinin qiymətləri ilin əvvəlindən orta hesabla 28 faiz ucuzlaşıb. Başqa sözlə, biz təxminən 3,76 trilyon dollar itkidən, “mənfi sərvət effektindən” danışırıq.

İkincisi, “Wall Street Journal”ın araşdırmasına görə, ABŞ borc bazarında, “subprime” (az gəlirlilər üçün nəzərdə tutulan kreditlərdə) seqmentində, xüsusən də avtomobil sektorunu qidalandıran avtomobil kreditlərində və istehlakçı kredit kartlarında ödəmə çətinliyi olan və kredit ödənişini gecikdirənlərin sayı əhəmiyyətli dərəcədə artmağa başlayıb.

“Ev almaq niyyətində olanların müraciət indeksi”ndə (“Wells Fargo”) azalma ilin əvvəlindən bəri 20 faizə çatıb.

“Wells Fargo”nun başqa bir araşdırması göstərir ki, ipoteka (uzunmüddətli ev krediti) faizlərinin ilin əvvəlindəki 3,21 faizdən ötən həftə 5,23 faizə yüksəlməsi tikinti şirkətləri menecerlərinin tikinti sənayesindəki etimad indeksinə mənfi təsir göstərib. “Wall Street Journal”ın şərhinə görə, daxili bazarda artım artıq başa çatıb.

Ümumiləşdirsək, staqflyasiya (inflyasiya və işsizliyin eyni istiqamətdə irəliləməsi və ya inflyasiya içində durğunluq) şəraitində mərkəzi bankların inflyasiya ilə mübarizəyə üstünlük verməsi, dünya iqtisadiyyatının yavaşlaması, pandemiyanın və Ukrayna müharibəsinin dağıdıcı təsirləri ilə birləşərək resessiya ehtimalını artırır.

Bu artan tendensiya qarşısında maliyyə bazarlarında və inkişaf etmiş ölkələrdə investorlar təhlükəsiz sığınacaqların sürətlə yoxa çıxdığını, bazarlarda qeyri-stabillik və zəifləmə meylinin gücləndiyini başa düşürlər.

Bu da öz növbəsində iqtisadi ləngimə və “bumeranq” effekti ilə tənəzzül ehtimalını gücləndirir.

Son zamanlar tez-tez haqqında bəhs olunan ərzaq böhranı fəlakəti, borc almağı çətinləşdirən yüksək faiz dərəcələri və bahalaşmağa davam edən dollar da bu tərkibə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, o cümlədən mərkəz ölkələrdə də təsir gücü yüksək olan dağıdıcı bir siyasi element əlavə edir. (BBC)

 





07.06.2022    çap et  çap et