Vaxt.Az

“Suriyaya daşındığı deyilir”


 

“Rusiyanın Ukraynadan taxıl oğurlamağına dair iddialar araşdırılmalıdır”

“Suriyaya daşındığı deyilir” Britaniyanın kənd təsərrüfatı naziri iyunun 7-də deyib ki, Rusiyanın Ukraynadan taxıl oğurlamaqda olduğuna dair iddialar araşdırılmalıdır.

Dünyanın dördüncü böyük taxıl ixracatçısı olan Ukraynanın Qara dəniz portları Rusiyanın bu ölkəyə əsassız və səbəbsiz hücumu başlanandan bəri bloklanıb və 20 milyon tonadək taxıl anbarlarda və gəmilərdə qalıb.

Nazir Viktoriya Prentis Londonda keçirilən Beynəlxalq Taxıl Şurasının iclasında deyib ki, Rusiyanın Ukraynanın cənubundakı Xerson regionundan taxıl oğurlamasına dair iddialar var və bu, ən ciddi bir şəkildə araşdırılmalıdır.

“Reuters” yazır ki, Rusiya bundan əvvəl Ukraynadan taxıl oğurladığına dair ittiham və iddiaları rədd edib.

Hazırda BMT Ukrayna taxılının gəmilərlə Odessa limanından daşınması üçün danışıqlar aparır.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, o Ukrayna taxılının limanlardan təhlükəsiz çıxışına zəmanət verə bilər, lakin bunun üçün Moskva üzərindəki sanksiyalar qaldırılmalıdır.

Qərb Putinin bu bəyanatını “dünyanın ərzaqla şantajı” adlandırıb.

Türkiyə də taxılın Qara dənizlə ixracı üçün Moskva və Kiyevlə danışıqlar aparır.

Moskva bildirir ki, taxılın limanlardan çıxışı üçün Ukrayna Odessa sahilindəki farvateri minalardan təmizləməlidir.

Kiyev isə deyir ki, bu, Odessanı Rusiyanın dənizdən hücumu qarşısında müdafiəsiz qoya bilər.

Ukrayna ötən həftə bildirmişdi ki, Rusiya oğurlanmış taxılı gəmilərlə Krımdan Türkiyəyə daşıyır.

Ukrayna iqtisadiyyat nazirinin müavini Taras Kaçka Londonda keçirilən konfransda deyib ki, oğurluq taxılın satışa çıxarılması Rusiya şirkətlərinin hələ uzun müddət reputasiyasına zərbə olacaq.

***

Bu arada ABŞ-ın “ABC News” telekanalı bildirir ki, bu məsələ ilə bağlı ABŞ Dövlət Departamenti də çıxış edib.

Departamentin sözçüsü Ned Prays “ABC News”a deyib ki, Ukrayna sahillərindən taxılla dolu Rusiya gəmilərinin çıxması müşahidə edilib.

Ukraynanın Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə Rusiya, dəyəri 100 milyon dollar olan 400-500 min ton Ukrayna taxılını ələ keçirib.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, Ukrayna tərəfində bununla bağlı sənədli sübutlar var.

“The New York Times” yazır ki, Moskva bir tərəfdən oğurluq taxılı satışa çıxarır, digər tərəfdən isə ona qarşı sanksiyaları pozur.

Ukrayna bundan əvvəl Rusiyanı oğurluq taxılın Suriyadakı müştərilərə satıldığını bildirib.

Rusiya və Ukrayna Avropada istehlak olunan buğda və arpanın üçdə birini istehsal edir.

Lakin Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə Ukraynada bu il taxıl məhsulunun yetişdirilməsi 40 faiz azalacaq.

***

Rusiyanın Ukraynadan taxılın daşınmasını bloklaması ərzağın qlobal qiymətlərini yüksəldib və Afrika və bu, Yaxın Şərqin bir sıra ölkələrində aclıq təhlükəsi yaradır.

Bu məsələnin habelə iyunun 8-də Türkiyəyə səfər edəcək Rusiya xarici işlər naziri Sergey Lavrovla da müzakirə olunacağı gözlənilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, bu danışıqların uğur gətirib-gətirməyəcəyi məlum deyil:

"Bilmirəm bu danışıqlardan nə gözləməliyik. Əlbəttə hadisələri diqqətlə izləyəcəyik. Bu danışıqlardan sonra türkiyəli müttəfiqlərimizlə söhbət edəcəyik. Bu müharibə Ukrayna xalqına qarşı təkcə qəddarlıq və terror deyil, habelə bütünlükdə dünyanın ərzaq təhlükəsizliyinə hədə yaradır”.

Prays bildirib ki, hazırda Ukrayna portlarında təxminən 84 yük gəmisi və 450 dənizçi ilişib qalıb.

Prays deyib ki, gəmilər taxılla doludur və anbarlarda 22 milyon ton taxıl yığılıb qalıb və beləliklə yeni məhsulun anbarlara daşınması qeyri-mümkün olub.

 





08.06.2022    çap et  çap et