Bu arada, İlon Maskın “Twitter”ə sahiblənməsi ətrafında gərginlik azalmır. İlon Mask buna 44 milyard dollar xərcləməlidir. Bu sahiblənmədən ehtiyatlananlar az deyil. Belə fikirlər səslənir ki, sosial şəbəkədə fikir azadlığı məhdudlaşdırıla bilər. Bunu Maskın Çinlə yaxın əlaqələri ilə izah edirlər. Pekin “Twitter”i Çin ərazisində 2009 ildən qadağan edib. Çinlilər bu şəbəkəyə fərqli texnologiyalar istifadə etməklə qoşulurlar. Pekin buna qarşılıq Çin rejiminin siyasətini dəstəkləyən on minlərlə istifadəçi vasitəsilə təbliğatını gücləndirib.
İlon Maskın Çinin müxtəlif şirkətləri ilə əməkdaşlığı mövcuddur. Mask bunun sayəsində gəlirlərini artıra bilir. Bu səbəbdən Amerikadakı mühafizəkarlar ehtiyat edirlər ki, İlon Mask “Twitter” sahibləndikdən sonra bu şəbəkədə Çinin siyasətini tənqid etmək, insan haqları pozuntularını işıqlandırmaq çətinləşəcək. Yəni mühafizəkarlar demək istəyirlər ki, İlon Mask Pekinlə gizli razılaşma əsasında “Twitter”də Çinin tənqidini neytrallaşdıracaq.