Vaxt.Az

Yaş həddi 18-dən 21-ə qaldırıldı


 

ABŞ-da silah daşımaq qanunu “sərtləşir”

Yaş həddi 18-dən 21-ə qaldırıldı Nyu-York ştatında hazırda AR-15 kimi yarı-avtomat tüfəng almadan əvvəl alıcının 21 yaşında olması tələb edilir. Əvvəllər bu kimi silahları 18 yaşlı gənclər ala bilərdi.

Demokrat qubernator Kati Hokul bazar ertəsi silahla bağlı 10 digər qanun arasında olan qanun layihəsini imzalayıb.

“Bu gün başlanğıcdır və bu, son deyil”, – deyə Hokul Bronksdakı mətbuat konfransında bildirib.

“Düşüncələr və dualar bunu həll etməyəcək, bunun üçün güclü addımlar atmaq lazımdır. Biz bunu itirilən həyatlar adından övladlarının məktəb avtobusundan düşdüyünü görməyəcək valideynlər üçün edəcəyik”, – Hokul əlavə edib.

Bu addım mayın 14-də Baffalo ərzaq mağazasında 10 afroamerikalının ölümü və mayın 24-də Texas ştatının Uvalde şəhərində ibtidai məktəbdə 19 uşaq və 2 müəllimin ölümü ilə nəticələnən silahlı hücumlar da daxil olmaqla, kütləvi qırğın dalğasına qarşıdır.

İkipartiyalı ABŞ Senatının ən son silahlı hücum dalğasına necə cavab veriləcəyi ilə bağlı danışıqları bir sıra variantlara, o cümlədən məktəb təhlükəsizliyinin yaxşılaşdırılmasına və polisin təhlükəli hesab edilən insanlardan silahları ələ keçirməsinə imkan verən “qırmızı bayraq” qanunlarına yönəlib.

Hokul tərəfindən imzalanan digər qanunlar zirehli jiletlərin satışını böyük ölçüdə qadağan edəcək və ştatın “qırmızı bayraq” qanununa yenidən baxacaq ki, bu da səlahiyyətlilərə özləri və ya başqaları üçün təhlükə hesab edilən insanlardan silahlarını ələ keçirməyə imkan verəcək.

Ağ Ev və Konqres silahlı hücum dalğasına qarşı mübarizə aparsa da, ABŞ Ali Məhkəməsinin bu ay silah hüquqlarının genişlənməsinə səbəb ola biləcək Nyu-York işi ilə bağlı qərar verəcəyi gözlənilir.

ABŞ-ın 19 ştatında polisə bəzi ruhi xəstəlikləri olan insanların silahlarını ələ keçirməyə icazə verən “qırmızı bayraq” qanunları artıq tətbiq edilib.

Silah hüquqlarının müdafiəçiləri bu kimi tədbirləri tənqid edərək, onların İkinci Düzəlişi pozduğunu və insanları məhkəmədə lazımi hüquqi prosedura uyğun olaraq öz işlərinə etiraz etmək hüququndan məhrum etdiyini deyir.

 





07.06.2022    çap et  çap et