Həmin ailələr Fərrux erməni tərəfdən işğal ediləndən sonra kəndə yerləşmiş, azərbaycanlıların evlərini qəsb edərək yaşamağa başlamışdılar.
Azərbaycan Ordusunun əsgərləri kəndin yanındakı strateji önəmli Daşbaşı yüksəkliyindədir. Kəndin özündə isə rusiyalı sülhməramlılar növbə çəkirlər. Daşbaşıdakı mövqelərimizə aparan təminat yolları kənd ərazisindən keçir. Yəni bu ilin martından bəri kənd mövqelərimizin arxasında qalıb.
Özünü "Fərrux kənd icmasının rəhbəri" adlandıran Vardan Miakelyanın dediyinə görə, 44 günlük İkinci Qarabağ Müharibəsi başlayana qədər kənddə 20 erməni ailəsi yaşayırmış. Həmin ailələrdən böyük qismi müharibə bitəndən sonra kəndi tərk edib, çünki Ağdam rayonu işğaldan azad olub, Fərrux yaxınlığında isə Azərbaycan Ordusunun mövqeləri yerləşdirilib.
Fərrux ordumuzun nəzarətinə keçəndən sonra isə kənddə məskunlaşmış son erməni ailələri də gediblər. Fərruxdan 5 kilometr aralıdakı Pirlər kəndindəki ermənilərin də əksəriyyəti həmin yaşayış məntəqəsini tərk ediblər.