Vaxt.Az

Amerikasayaği arzu


 

(novella)

Amerikasayaği arzu Biz onun arzusunun nə olduğunu bilmirdik. Dünən səhər tezdən zəng edib əri Aslanla keçirdiyi günlərdən danışıb xoş anlarını bölüşəndə, yenə dedi ki, Azərbaycana gələndə bir arzumu həyata keçirsəydim, dərdim olmazdı.

Nigara indi xanım demək olardı, deməmək də mümkün deyildi, çünki daha üst-başından cin hürkən, çayxana işlədən Əzizin birinci arvadı deyildi. İndi Amerika prezidentinin İran üzrə tərcüməçisi Aslanın arvadı olandan Vaşinqtonda bir dəbdəbəli evin sahibələrindən sayılırdı.

Dünənki zəngdən sonra iki uşağını məktəbə yola salıb əri Aslanın evə tez gəlməsini istəyirdi. Gecə yarısı Vətənə yola düşəcəyindən onu doyunca görüb söhbətləşmək yaxşı olardı. Uşaqları isə qulluqçu Nina - evlərinə - Oklahomaya aparacaqdı. Ninanı qulluqçu kimi qəzetdə elanla tapmışdı. Gənc yaşında ailəsi ilə Ukraynanın Mariupol qəsəbəsindən bura köçmüşdülər, təmizkarlığına valeh olmuşdu, həm də rus dilində ünsiyyət qurduqlarından Nigara asan olurdu.

...Nahardan sonra Vaşinqtonun görməli yerlərində şəkil çəkdirmək istəyirdi ki, Vətəndə qohumlarına göstərsin. Şəkillər neçə illər əvvəl çəkilmişdi, bu şəhərə ilk dəfə gələndə Aslan əlindən tutub Ağ Evin, vətəndaş müharibəsinə həsr edilən hündür abidənin qarşısında fotolar çəkdirib onların tarixindən danışmışdı. Onda uzunsaçlı qadın bu ölkənin tarixini ərinin elmi-mədəni izahatı ilə anlaya bilmirdi. Vaşinqtonun, Ruzveltin adlarını çətinliklə tələffüz edirdi, Linkolna çatanda ümumiyyətlə dili söz tutmurdu - pəltəkləyirdi. Ərinin şaqqanaq çəkməsinə pərt olmağını xatırlayır, eləcə gülümsəyib ikinci həyat yoldaşının hər sözünü başı ilə təsdiqləyirdi. İlk günlər Vətəndən gətirdiyi sıxıntını sifətindən əksiltməyi bacarmırdı.

Məktəb avtobusu ilə uşaqları evə gətirən sürücü Ceyms onlara əl edib uzaqlaşdı. Nina onları geyindirdi. Nigar uşaqları avtomobilə oturdub şəhərin mərkəzinə aparmaq istəyəndə, qulluqçu bəzi məsləhətləri verdi. Ninanın belə məsləhətlər verməsinə öyrəşmişdi; mərhum atası vaxtilə Amerikanın Bələdçilər Birliyinin vitse-prezidenti olduğundan yol göstərib məsləhət vermək qızına qanla keçmişdi, daha danlamağın yeri yoxdur.

Uşaqların ağappaq yaxalıqlarını düzəltdi ki, fotolarda lap səliqəli görünsünlər. Ağ Evin, Kapitoli binasının qarşısında şəkil çəkdirdilər. Yolüstü Konqresin kitabxanasının qarşısında selfi etdi. Böyük oğlunun çoxsaylı və ürəkçəkici, yalvarıcı xahişindən sonra avtomobili yenidən Ağ evin qarşısına döndərib bozumtul çadırda prezidentin Liviya siyasətinə etiraz edən qarının ovcuna sikkə atdı. Binanın yuxarı hissəsində müşahidə aparan Təhlükəsizlik Xidmətinin əməkdaşlarına gözaltı baxıb tez uzaqlaşmağı üstün tutdu ki, bu, hərəkəti ərinin işinə əngəl törətməsin. Çünki əri binanın otaqlarından birinin pəncərəsindən onu və bu ölkənin rəhbərinin siyasətinə etiraz edən qarının ovcuna sikkə atan arvadını görə bilərdi. Elə mühafizə xidməti də şəklini çəkib prezidentin Təhlükəsizlik Xidmətinin rəisinə göstərə bilərdilər. Camalını gizlədən gün eynəyini burnundan yuxarı itələyib özünü avtomobilinə təpib oradan iri sürətlə uzaqlaşdı. Siyasətdən anlayışı olmayan oğlu sevindi və arxa oturacaqdan irəli əyilib anasının üzündən öpdü, sonra kiçik bacısını meymunvari hərəkətlərlə güldürdü.

Evə qayıdanda Ninanın onun paltarlarını çamadanlara yığdığını görüb gülümsədi. Nina anladı ki, deyəsən sahibəsi Vətənə bir paltarla gedəcək; elə əyninə geyindiyi qadın kostyumu ilə. Hər ehtimala qarşı sahibəsinin paltarlarını çıxarıb ütüləməyə başladı; gördü ki, sahibəsi birinci əri Əzizin şəklinə baxıb qaşlarını çatır, iç dolusu nəfəs alır: “Yəqin, birinci ərini hələ də sevir”, - deyə ütülədiyi donu asılqandan asıb ikinciyə keçdi.  Qulluqçu sahibəsinin bu şəkli harada gizlətdiyini bilirdi, dolabda hamam dəsmallarının lap altında. İkinci əri Aslan bilmirdi ki, arvadı birinci ərinin şəklini özü ilə okeanın o tayından gətirib. Ninaya elə gəlirdi ki, sahibəsi birinci ərini nəinki sevir, yuxularında da görür, saçını tumarlayır, kirli köynəyini əynindən çıxarıb yuyur, təraş üçün  üzünə sabunlu köpük də sürtür. Və yerinə uzandırıb balası kimi lay-lay da deyir, səhərlər çobanyastığı ilə burnunu qıcıqlandırıb oyadır.  

Nigarın bir arzusu vardı. O arzunun nə olduğunu heç kim bilmirdi. O arzunu necə yerinə yetirəcəyini, necə sevinəcəyini yuxularında da görürdü, ancaq özü görürdü, ancaq özü bilirdi. Çox sevinəcəkdi o arzunu həyata keçirsəydi. Çox. Olduqca çox.

Aslanla aeroportda ayrılanda üzünə yağış damcısı düşdü.

Təyyarə buludların üzərindən uçanda stüardessanın uzatdığı viskinin əvəzinə su verməsini istədi. Az sonra anladı ki, ucaboy qız əlində balış tutub ki, başını söykəsin və üzündən tökülən narahatlığını bu yolla aradan qaldırsın. Yatmaq istəmirdi. İstəyirdi ki, illər əvvəl qəsdən özünə unutdurmaq istədiyi acı xatirələri yenidən yada salsın. Əsl yeri elə bura idi. Ərindən və uşaqlarından kənar. Birinci xatirə əri Əzizlə bağlı oldu.

– Qurban olum, məni boşama....(ağlayır)....Allah bu yaxşılığını unutmaz....

– Boşayacam...sənin uşağın olmur...mənə uşaq lazımdır ki, sabah ölüb-eləyəndə əlimdən tutsun...

– Ayaqlarının altında ölüm...nə olar boşama...razıyam...başqa arvadı üstümə günü gətir, onunla yaşa. Ev-eşiyi süpürərəm, sənin də, onun da paltarlarını yuyaram, uşaqlarına baxaram, o da yıxılıb yatar. Sən evə gələndə yeməklərinizi bişirib qabağınıza qoyaram, bulaşıq qablarınızı yuyaram, tualetinizin kafellərini silərəm...nə olar, qurban olum, ayağının altında ölüm, məni boşama...

– Əşi, rədd ol başımdan. Bircə qulluqçum əskikdir, qısırın biri qısır. Bax... mən deyiləm sənsən...neçə il doğa bilməyən  birini evində saxlayarsan? Dur, cəhənnəm ol başımdan.

O, ərinin ayaqlarından tutub ayrılmaq istəmir, üzünü ayağına sürtür, boz şalvarını öpüşlərə qərq edirdi ki, ərinin qəlbində mərhəmət yaratsın. Əri yeriyəndə isə döşəmədə sürünə-sürünə it küçüyünə bənzəyirdi. Əziz onun boynunun ardından tutub elə itələyib qışqırdı ki: “Cəhənnəm ol da....itinə-qurduna de, sabah gəlib cındır cehizlərini aparsınlar”.  

Stüardessa hər ehtimala qarşı sakitləşdirici həb də gətirdi. Suyla içib illiminatordan topa-topa buludlara baxdı. Buludlarda neçə illər əvvəl Vətəninə ilk dəfə ayaq basan ikinci ərini – Aslanı gördü. Onun da sifəti ağ idi. Elə bil Təbrizin istisindən çıxmamışdı. Hamısı qarabala, bundan başqa. Yəqin, Amerikadakı ağ günlər rəngini də ağlaşdırıb.     

– Ay qız, bu adam oralardan gəlib. Səyavuşun tanışıdır, Amerikada tanış olublar. Səyavuş onu bura dəvət edib. İndi dayınoğlugildədir.

– Eeeee sən Allah, mənim orda nə işim var?!

– Hazırlaş, dur gedək Bakıya. Get çim, üzünə pudradan-mudradan vur, gözünə quş çək, yaxşı paltarını geyin.

– Bircə elə quşum çatmırdı.

– Ay, yaxşılıq bilməyən...ay, qara günə qalmış... Aslan uşağı olmayan qadınla evlənmək istəyir. Sənin də ömür boyu uşağın olmayacaq. Əvvəlki arvadından ayrılıb, xasiyyəti it xasiyyəti imiş. Aslan istəməyib ondan uşağı olsun, deyib küçüyü də özünə oxşayacaq. İndi sonsuzun biri ilə evlənmək istəyir...

– Mənə “sonsuz” demə...ürəyim pis olur...

– Yaxşı, day demərəm.... Fağırın birisən, get onunla Amerikaya...ağ günə çıx da..., - deyə xalası qızı onu qucaqlayıb ağlamışdı.  

Təyyarə Las-Veqasın üstündən keçəndə kazinolar nöqtələrə dönüb gözünü ağrıtdı. Aslanla burda iki dəfə olmuşdu, kazinoda uduzmuşdu da. Aslan demişdi ki, təmiz adamlar qumarda uduzurlar, çünki oyun onları qəbul etmir.

Təyyarə salonunda yatmayanlar ayaqyoluna girib-çıxdıqca özləri ilə içəri qoxu da yayırdılar. Çantasından ətri çıxarıb qulağının ardına vurdu. Alnını ovuşdurdu. Ortada iki uşağın bir-birinə top atmasını görəndə stüardessa gəlib analarına dedi ki, təyyarə çətin zolaqdan keçəcəyindən tərpəniş olacaq, uşaqlarınızı oturdub kəmərlərini bağlayın: “Uşaqlar....uşaqlar...mənim ilk evlilik həyatımı məhv edən uşaqların yoxluğu...Bircə, bu gedişimlə Azərbaycanda arzuma çatsaydım. Ay Allah, elə bu gün arzuma çatsaydım”.

Vaşinqtondakı klinikanı xatırladı.

– Kim sizə dedi ki, uşağınız ola bilməz? Sadəcə qadınlıq yolunda boru tutulması baş verib. Onu da kiçik cərrahiyyə əməliyyatı ilə açmaq mümkündür və Tanrı sizə uşaq bəxş edər, - deyə zənci həkim dostu Aslana üzünü tutub gülümsədi: -Bəs deyirdin, uşaq istəmirsən?

– Sadəcə, bu qadın xoşuma gəldi. İki il yaşadım, mənə əməlli-başlı həyat yoldaşlığı etdi. Hətta səhər yeməyimi çarpayıyacan gətirirdi. Gözəl insandır. Nəsə ürəyimə damıb ki...Fikrimi izah edə bilmirəm...

– Ürəyinə nə damıb?, - zənci həkim bic-bic gülümsədi.

– Ürəyimə damıb ki, ondan olacaq uşaqlar da əsil adam balası olacaqlar. Əsil adam balası. Nəsə məndə...arzuladığım uşaqların doğulacağına inam yaranıb. Bilmirəm, düzgün izah etdimmi?

Stüardessa mikrofonla elan etdi ki, təyyarə Şeremetyevo aeroportuna enir. Bir saatdan sonra təyyarə yenidən havaya qalxacaq. Növbəti istiqamət Bakı şəhəridir.

Moskva aeroportunda trapdan düşüb vestübüldə gəzişdi. Şəkərsiz qəhvə içdi. Qohumlarına zəng etdi ki, Bakıya gəlir. Dedi ki, illərlə düşündüyü arzusunu, nəhayət, bu gün, məhz bu gün həyata keçirəcək. Əlli dəqiqədən sonra yenidən təyyarənin salonuna qalxdı. Başını oturacağa söykədi. Stüardessanın gətirdiyi sinidən qara çay süzməsini istədi. Vətəninə yaxınlaşırsa, çay içsin. Axı onun Vətənində adamlar qara çayı çox sevirlər.

...Təyyarə Bakıda endi.

Bir azdan taksini “Neftçilər” prospektinə sürdürdü. Ürəyi elə çırpınırdı ki...məhz həmin arzu...məhz bu gün...məhz bu saatlarda... Sıralanan brend geyim mağazalarının birinin qarşısında taksidən endi. İçəri girib qiymətinə baxmadan ən qısa ətəkli don seçib elə orda da əyninə keçirdi. Taksini ordan da lap bahalı maşın salonuna sürdürdü. Ən hündür və ən yüksək sürətli maşının bir günlük icarəsinə 1 500 manat ödədi. Və doğulduğu dağ rayonuna şütüdü.

Onun doğulduğu rayon paytaxtdan 400 kilometr uzaqda yerləşirdi. Birbaşa sürdü. Yol boyu sıralanan kafelərin heç birində bir stəkan çay içib, bir hovur dincəlmədi. Çatdı doğulduğu rayona. Rayonun girəcəyindəki çayxanada adam əlindən tərpənmək olmurdu. Yaxın-uzaq yerlərdən gələnlər ağaclar altındakı bu çayxanada oturmamış getməzdilər. Qovaq ağaclarının sərinliyi, yaxınlıqdan axan çayın şırıltısı... İrəli əyilib şüşədən bir xeyli o çayxanaya baxdı. Çox baxdı. Və gördü onu. Saqqalı ağardığından lap xortdana bənzəyirdi, ofisianta göstərişlərini verirdi.

Qadın düşüb tank böyüklüyündəki maşının qarşısında durdu. Və qışqırıb onu çağırdı – birinci ərini; yüksək səslə qışqırıb çağırdı. Əri çağırılan yerə baxıb qısa ətəkli, dodağı qırmızı boyadan az qala partlayacaq qadına baxıb barmaqlarının arasında son saniyələrini yaşayan siqareti kənara tolazlamağı unutdu.

Adamlar da dönüb o qadına baxdılar. Daha buğlanan çayları dodaqlarına yaxınlaşdıran olmadı. Yaxınlaşdıranlar da bunu yarımçıq saxladılar.

Qadın qışqırdı. Və onun etdiyi hərəkət hamının matını qurutdu. Qadın arxasını ərinə tərəf çevirib əyildi, donunun ətəyini lap yuxarı qaldırıb - orasına qoşaəlli sillə vurub “ala eeeeeee”, - deyə qışqırdı və yenidən maşına oturdu; maşını elə sürətlə ordan uzaqlaşdırdı ki, adamların üz-gözü, çayların içi tozla doldu. Adamlardan ancaq bu səslər eşidildi: “Bu nə idi belə?”, “Bu kim idi belə?”.

Bayaq siqareti iki barmağının arasını yandıran, dərisi gizildəyən saqqallı kişi yalnız pıçıldadı:

– Mən bilirəm o kim idi...yaxşı bilirəm....

 





10.06.2022    çap et  çap et