Vaxt.Az

Fərrux dağının delimitasiyaya aidiyyəti yoxdur


 

Azərbaycan XİN Lavrovun İrəvandakı sayıqlamalarına cavab verdi

Fərrux dağının delimitasiyaya aidiyyəti yoxdur Rəsmi Bakı iyunun 9-da Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağdakı Fərrux kəndi ətrafında yaranmış vəziyyətlə bağlı dediklərinə reaksiya verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayevanın səsləndirdiyi bəyanatda deyilir ki, Fərrux kəndi Azərbaycan Respublikasının Xocalı rayonunda yerləşir və Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya ilə heç bir şəkildə bağlı deyil: “Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”.

İyunun 9-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Sergey Lavrov Fərrux kəndi ilə bağlı məsələyə toxunarkən demişdi:

“Bu vəziyyətlə bağlı məsələyə gəlincə isə, Rusiya hərbçiləri və bizim erməni dostlarımız bu barədə yaxşı məlumatlıdırlar və bunu öz prioritetlərindən biri kimi saxlayırlar. Orada vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Bizim anladığımıza görə delimitasiya üzrə qarşıdan gələn predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və bunlar mütləq həll olunacaq”.

 





09.06.2022    çap et  çap et