Bu gün orta statistik rusiyalı elə Putindir, əhalinin böyük əksəriyyəti də eyni belə düşünür, çünki elə “proqramlaşdırılıblar”, böyük ölkə olmağın, “imperiya” modelinin iqtisadiyyat və əhalinin rifahı olduğunu qəbul etmək istəmirlər.
Torpaqların artması heç də ölkənin rifahı, inkişafı demək deyil, müasir “İmperiya” tipi, məsələn, Cənubi Koreyadır. Gəlin kiçik bir müqayisə aparaq:
1. 1991-ci ildə SSRİ dağılıb Rusiya müstəqil olan ildə Rusiyanın ÜDM-i 517 milyard dollar idi, sonra kəskin düşdü, 1996-cı ildə cəmi 396 milyard dollar oldu – eyni dövrdə, 1991-ci ildə Cənubi Koreyanın ÜDM-i 367 milyard dollar idi, 1996-cı ildə isə 597 milyard dollar oldu.
2. Sonrakı dövrlərdə Rusiyanın ÜDM-i artmağa başladı, 2021-ci ildə ölkənin ÜDM-i 1 trilyon 780 milyard dollar olub – həmin il Cənubi Koreyanın ÜDM-i isə 1 trilyon 800 milyard dollar olub.
3. 2021-ci ilin məlumatlarına görə Rusiyanın əhalisi 145 milyon 557 min nəfərdir, adambaşına düşən ÜDM isə 12200 dollar olub – Həmin dövrə Cənubi Koreyanın əhalisi 51 milyon 780 min nəfər olub, adambaşına düşən ÜDM isə 34865 dollar olub. Adambaşına düşən ÜDM-ə görə Rusiya Cənubi Koreyadan 3 dəfə geridədir.
4. 2021-ci ildə Rusiyanın ixracı 491 milyard 600 milyon dollar olub ki, bunun da 60%-ə yaxını neft-qazdır – Həmin il Cənubi Koreyanın ixracı 644 milyard 540 milyon dollar olub ki, bunun da tamamı real sektor, texnoloji məhsullardır.
5. Bu qədər resursa rəğmən sanksiyalardan öncə Rusiyanın qızıl-valyuta ehtiyatları 630 milyard dollar idi, indi 300 milyard dolları “dondurulub” – Cənubi Koreyanın qızıl-valyuta ehtiyatları isə 452 milyard 300 milyon dollardır.
Rusiya, əslində bədbəxt ölkədir, bu qədər resurslara, əraziyə rəğmən böyük ölkə ola bilmir, İmperiyanı ərazi ilə ölçür, normal sistemi olsaydı Rusiya indi ABŞ-dan da 5 dəfə yaxşı yaşamalı, varlı və nüfuzlu ölkə olmalı idi. Cənubi Koreyanın ərazisi Rusiyadan 170 dəfə, əhalisi 3 dəfə azdır, amma əsl müasir “imperiyadır”, torpaqları yox, bazarları tutur, ərazini deyil də, əhalinin qarajlarını, ciblərini, evlərini “işğal” edir – nə qədər ki, orta statistik Rusiya vətəndaşı elə Putin kimi olacaq, nə qədər ki, İmperiya olmağın formulunu ərazi genişliyi ilə ölçəcək, bizə, qonşulara, post-sovet ölkələrinə təhlükə həmişə qalacaq. Ona görə də, Azərbaycan öz “de-jure” və “de-fakto” ittifaqlarını genişlədib möhkəmləndirməli, qardaş Türkiyə ilə inteqrasiya müqavilələri dərinləşdirilməlidir.