İyunun 9-da gün ərzində Aşqabada su təchizatı tamam kəsilib, yalnız axşam saat 6-da qısa müddətə bərpa olunub. Sonra gecə su yenidən kəsilib, iyunun 10-da bir neçə saatlıq verilib.
Şəhər hakimiyyəti gözlənən fasilələrlə bağlı sakinləri xəbərdar etməyib, yaxud durum haqda sonradan izahat verməyib.
Son illər bu Orta Asiya ölkəsində içməli su böyük problemə çevrilib. Yay aylarında ucqar regionlara kran suyu qrafiklə verilir. Aşqabadda isə suyun saatla verilməsi ötən yaydan başlanıb.
Prezident Berdimuxammedov iyunun 8-də deyib ki, Xəzər dənizindən şirinləşdirilmiş su sistemi qurmaq, suyu birbaşa kəmərlə Aşqabada çatdırmaq olar.
Türkmənistanın ucqar rayonlarında yayda havanın orta temperaturu 50 dərəcəni keçir. Bu zaman içməli su qıtlığı kəskinləşir. Bəzi regionlarda içməli su yalnız səhərlər bir saat, axşam isə iki saatdan da az müddətə verilir.