Vaxt.Az

“Qərçək” zindanında rəzalət


 

Çirkab suları qadınların saxlanıldığı kameraya buraxılır

“Qərçək” zindanında rəzalət Əslən Zəngan şəhərindən olan tanınmış hüquq müdafiəçisi, İran İnsan Haqları Birliyinin sədr müavini, siyasi məhbus Nərgiz Məhəmmədi və hüquq müdafiəçisi Aliyə Mətləbzadə “Qərçək” zindanından açıq məktub yazıb.

Hüquq müdafiəçiləri həbsxana şəraitinin dözülməz olduğunu və qadın məhbusların həyatına qarşı laqeyd yanaşıldığını bildirib.

Nərgiz Məhəmmədi başqa siyasi məhbus Aliyə Mətləbzadə ilə birgə 3 gündür qadınların saxlanıldığı zindanda tullantı və kanalizasiya sularının bölmələrə buraxıldığını, ağır gigiyenik böhranın yaşandığını və zindan məsullarının buna önəm vermədiklərini qeyd ediblər.

“Neçə gündür tullantı və kanalizasiya sularının zindan bölmələrinə axması, dözülməz səhralıq istisi və daimi təhlükəli kimyəvi çirkləndiricilərin artması 1000-dən çox qadın məhbusun saxlanıldığı zindanı işgəncə düşərgəsinə çevirib”-deyə, məktubda bildirilir.

Məktubda zəhərli və çirkli hava üzündən çox sayda məhbusun müxtəlif xəstəliklərə yoluxduğu, məhkumların özəlliklə tənəffüs problemi yaşadığı vurğulanır.

Həbsdə olan hüquq müdafiəçiləri hökumətin qida, içməli su, havalandırma, gigiyenik imkanlar və s. çatışmazlıqların olduğu “Qərçək” zindanında saxlanılan məhbusları bilərəkdən sarsıtmağa çalışdıqlarını deyiblər. Qeyd edək ki, “Qərçək” zindanı İranda ən qorxulu və çətin şəraitə malik həbsxanalardan biri olduğu üçün ora mədəni və siyasi fəallar arasında “işgəncə mərkəzi” adlandırılır.

Bir müddət öncə Sərhədsiz Reportiyorlar Birliyi İran hökuməti və məhkəmə sistemi rəhbərliyinə müraciət edərək “”Qərçək Zindanı ilə bağlı möcvud olan narahatlıqlara aydınlıq gətirmələrini istəmişdilər.

Bundan öncə quşçuluq ferması kimi istifadə olunan “Qərçək” zindanı sonradan narkomanların saxlanma mərkəzinə, daha sonra isə qadın məhkumların cəzaçəkmə müəssisəsinə çevrilib və hazırda 1200 məhkum orada saxlanılır.

 





11.06.2022    çap et  çap et