Şarl Lekler hara baxsaq, poula layiq idi. Bu gün ipdən buraxılan öküz kimi idi. Hətta, ilk cəhddən sonra qaraja qayıtma sürəti onun hirsini göstərirdi. İlk dəfə Bakıda bir pilot ikiqat poul qazanan oldu.
Ümumilikdə bugünkü sıralanma turu mənə 2000-ci il Yaponiyanı xatırlatdı. Orada da Hakkinenlə Şumaxer 0.007 zaman üçün son limitlərdə sürürdülər. Bu gün də Lekler və Ferstappen limitlərdə sürmək üçün divarları öpə-öpə gedirdilər.
“Red Bull” komandasına keçək. Artıq ardıcıl ikinci dəfədir ki, Peres Ferstappeni sıralanma turunda qabaqlayır. Peresin vahid dövrə pilotu olmadığını düşünsək, tezliklə “Red Bull”dan od fışqıra bilər. Peresdə özünə inam əmələ gəlib. Qalır komandanın buna qarışmamasına.
Günün adamı isə Fetteldir. Bizim trasda bizim bilmədiyimiz nəyisə bilir.
Bakıda növbəti bir ilk də yaşandı. Çjou ilk dəfə Bottası sıralanma turunda qabaqladı. Çinlilər bundan sonra Bakını unutmaz.
Sabahkı yarışda hər şey Leklerin təkər istifadəsindən və “Ferrari”nin strategiyasından asılı olacaq.