O, Rusiya qoşunlarının şəhərin təxminən 90 faizinə nəzarət etdiyini deyir.
İyunun 11-də Severodonetskdə Azot-kimya zavodunda partlayış baş verib və axşama doğru yanğınlar başlayıb. Qayday yüzlərlə insanın zavodda sığındığını bildirir. Bu arada Rusiya silahlı qüvvələri Azot zavodunun mühasirəyə aldıqlarını və ukraynalı müdafiəçilərin orada tələyə düşdüyünü iddia ediblər.
Separatçıların Luqansk Xalq Respublikası adlandırdıqları qurumun rəsmisi Rodion Miroşnik “Telegram”da “onlar üçün bütün qaçış yolları kəsilib” yazıb. İddiaları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
Sergey Qayday isə Ukrayna qoşunlarının Severodonetsk sənaye zonasına nəzarət etdiyini, Azot zavodu ərazisinin isə daim atəşə tutulduğunu bildirir. Ancaq o, “kimya zavodunun mühasirəyə alınması ilə bağlı məlumatları cəfəngiyat adlandırır.
S.Qaydayın sözlərinə görə, Rusiya ordusu ötən sutka ərzində Severodonetskə gedən 3 körpüdən ikisini dağıdıb.
“Gecə ruslar rayon mərkəzinə aparan ikinci körpünü dağıtdılar, hazırda şəhərə gedən sonuncu üçüncü keçidi artilleriyadan kütləvi şəkildə atəşə tuturlar. Ruslar Severodonetski ilə ətraf əlaqəni kəsmək üçün bütün güclərini sərf edirlər. Növbəti iki-üç gün əhəmiyyətli olacaq. Biz başqa istiqamətlərdə, yəni rusların nəzarət altına almağa çalışdığı Lisiçansk-Baxmut magistralında hücumu istisna etmirik”, - Luqansk OVA-nın rəhbəri Sergey Qayday “Telegram” kanalında yazır.
Luqansk vilayət administrasiyasının səhər xəbərlərində qeyd olunur ki,Rubijnedə Ukrayna ordusu Rusiya tərəfdə vuruşan çeçenlərə məxsus komanda məntəqəsini dağıdıb. Məlumatda son günlər Kadievkadakı stadionda yerləşən “Vaqner” döyüşçülərinin və Severodonetskdəki Rusiya ordu komanda mərkəzlərinin dağıdıldığı bildirilir.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.