Xüsusilə vergilərin bir neçə dəfə artırılmasından narazı olan mağaza yiyələri və iş adamları Tehranın “Serah-e Əmin” meydanına toplaşıblar.
“Bağlayın, bağlayın!” şüarları səsləndirərək başqa mağaza yiyələrini də onlarla həmrəy olmağa çağıran etirazçılar hökumət qüvvələrinin sərt müdaxiləsindən sonra “problemimiz həll olmasa, Tehranda qiyamət olacaq” şüarı səsləndirməyə başlayıblar.
Bununla yanaşı Bəndərabbas şəhərində “ölüm olsun belə yarıtmaz dövlətə”, Kirmanşahda “Rəisiyə ölüm” şüarları səsləndirilib.
Qeyd edək ki, iyunun 7-i səhər saatlarından başlayaraq Təbrizdə mağaza sahibləri və iş adamları vergilərin çoxaldılmasına etiraz olaraq mağazalarını bağlamışdılar.
İran Vergilər Nazirliyinin verdiyi məlumata görə, iş adamları və mağaza sahibləri üçün ötən illə müqayisədə bu il vergilərin 3 dəfə çoxaldıldığı bildirilir.