Vaxt.Az

Qlobal güclər nüvə arsenalını böyüdür


 

ABŞ və Rusiya qlobal kütləvi qırğın silahlarının 90 faizinin sahibidir

Qlobal güclər nüvə arsenalını böyüdür Dünyada nüvə silahı olan doqquz ölkə, o cümlədən Birləşmiş Ştatlar və Rusiya növbəti on il ərzində döyüş başlıqları arsenalını böyüdəcək və müasirləşdirəcək, bu isə “narahatedici tendensiya”dır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SİPRİ) iyunun 13-də illik hesabatında belə deyir.

Qurum bildirir ki, ötən il döyüş başlıqlarının sayında cüzi azalmaya baxmayaraq, növbəti 10 il ərzində arsenalların böyüyəcəyi gözlənir.

“Doqquz nüvə ölkəsi – Birləşmiş Ştatlar, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya nüvə arsenallarını modernləşdirməyə davam edirlər. 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarınadək nüvə silahlarının ümumi sayında cüzi azalmaya baxmayaraq, bu sayın növbəti onillikdə artacağı gözlənir”, – SIPRI vurğulayır.

***

“Soyuq Müharibə bitəndən bəri qlobal nüvə arsenallarındakı ixtisarların bitməsinin aydın əlamətləri görünür”, – SİPRİ-nin Kütləvi Qırğın Silahları Proqramının aparıcı əməkdaşı, Amerika Alimləri Federasiyasında (FAS) Nüvə İnformasiyası Layihəsinin direktoru Hans M. Kristensen bildirib.

SIPRI-da Kütləvi Qırğın Silahları Proqramının Direktoru Vilfred Van isə qeyd edib ki, “nüvə silahlı ölkələrin hamısı arsenallarını ya artırır, ya da təkmilləşdirir, çoxu nüvə ritorikasını, nüvə silahlarının onların hərbi strategiyasındakı rolunu kəskinəşdirir”.

“Bu, narahatedici tendensiyadır”, – o, sözlərinə əlavə edib.

SIPRI-nın hesablamasına görə, 2022-ci ilin əvvəlində nüvə ölkələrinin cəmi 12 min 705 döyüş başlığı olub. Onun 9 min 440-ü isə potensial istifadə üçün hazır vəziyyətdədir.

3 min 732 döyüş başlığı raketlərə və təyyarələrə yerləşdirilib, 2 minə yaxını yüksək əməliyyat hazırlığı vəziyyətinə gətirilib. Bunların demək olar, hamısı Rusiyaya, yaxud ABŞ-a aiddir.

***

ABŞ və Rusiyaya məxsus döyüş başlığı inventarları 2021-ci ildə azalmağa davam edib. Ancaq SIPRI qeyd edir ki, bu daha çox hərbi xidmətdən çıxarılan döyüş başlıqlarının sökülməsi ilə əlaqədardır.

Bu iki ölkə qlobal nüvə silahlarının 90 faizinin sahibidir, SIPRI bildirir.

2022-ci ilin yanvarınadək Birləşmiş Ştatlar inventarındakı 5 min 428 döyüş başlığının 1744-nü quraşdırıb.

Rusiya isə ümumi 5 min 977 döyüş başlığından 1588-ni quraşdırıb.

Nüvə silahlı olan digər yeddi ölkə yeni silah sistemlərini ya inkişaf etdirir, quraşdırır, ya da bu yöndə niyyətlərini açıqlayıblar. Çinin xüsusilə nüvə arsenalını əhəmiyyətli dərəcədə genişləndirmə mərhələsinin ortasında olduğu bildirilir.

“Qonşu və qatı rəqiblər olan Pakistan (165 döyüş başlığı var) və Hindistan (160) da arsenallarını böyüdüblər”, – SİPRİ vurğulayır.

 





13.06.2022    çap et  çap et