Vaxt.Az

26 azərbaycanlını utandıran gürcü


 

Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...

26 azərbaycanlını utandıran gürcü Müasir Cənubi Qafqaz bölgəsinin futboluna nəzər salanda fərdi futbolçu olaraq Xviça Kvaratsxeliya diqqət mərkəzinə düşür.

21 yaşlı sol vingerin atası Badri Kvaratsxeliya Azərbaycanın futbol ictimaiyyətinə yaxşı tanışdır. O, 32 yaşından (1997-ci ildən başlayaraq ta 2005-ci ilə, 40 yaşına kimi) ölkəmizdə “Kəpəz” və “Şəmkir”də çıxış edib. 2000-ci ildə, 35 yaşı olanda isə milli komandamıza cəlb olunub. Karyerasını başa vurduqdan sonra Kvaratsxeliya məşqçliyə başlayıb. Bir müddət “Turan”nın baş məşqçisi olub.

Xviça özü Tiflisin “Dinamo” klubunun akademiyasının yetirməsidir. 

Ölkəsində “Dinamo”, daha sonra “Rustavi”də çıxış edib. 2019-cu ilin fevralın 12-də, 18 yaşının tamam olduğu gün icarə qaydasında Rusiya futbolunun nəhənglərindən olan “Lokomotiv”ə keçib. 5 ay sonra, 2019-cu ilin iyulunda isə o, azad agent kimi Rusiyanın başqa bir təmsilçisi “Rubin”ə transfer olunub. Növbəti mövsümdən o, karyerasını İtaliya futbolunun lidelərindən olan “Napoli”də davam etdirəcək.

Xviça 2019-cu ilin iyunundan cəlb olunduğu Gürcüstan A millisində uğurlu oyunu ilə seçilir. O, 17 oyuna 8 qol vurub, 5 qolun otürməsini verib. Qolların hamısı isə rəsmi matçlarda Şimali Makedoniya, İspaniya, Yunanıstan, İsveç, Bolqarıstan kimi komandaların qapısına vurulub. Hazırkı mövsüm Millətlər Liqası yarışında isə Xviça 3 qolun müəllifi olub və bu nəticə ilə yarışın bombardirlər siyahısında 3-cü yeri tutur.

Yeri gəlmişkən, Azərbaycan milli komandasının bu toplanışa cəlb olunmuş 26 futbolçusundan heç biri hazırkı Millətlər Liqası yarışında 1 qol belə vura, yəni 1 Xviçaya çata bilməyib. Bu faktdan daha çox bizim millimizin hücumçuları utanmalıdırlar. Görəsən, Mahir Emreli, Renat Dadaşov, Ramil Şeydayev, Namik Ələsgərov, Anatoli Nuriyev nə vaxt dərk edəcəklər ki, futbol meydanı gəzintisi üçün istirahət parkı yox, qol vurmaq yeridir?

Bir daha təkrar edək, Xviça Kvaratsxeliya Gürcüstan futbolunun yetirməsidir. Yəni qonşumuz olan ölkənin. O, pulu bizdən az, futbol infrastrukturu bizdən dəfələrlə zəif olan bir mühitdə formalaşıb. İndi “Napoli”yə keçir... Bəli, Kvaratsxeliya Gürcüstan futbol məktəbinin yetirməsidir və İngiltərə, İspaniya, İtaliya kimi nəhəng komandalarda oynamır, amma İspaniyaya qol vurur, İsveçə qol vurur, Yunanıstan, Bolqarıstana qol vurur...

Bizimkilər isə Qazaxıstan, Belarus kimi zəif, Slovakiya kimi ortabab komandaların qapısı qarşına yaxınlaşanda həyəcandan kəlləmayalaq olur. Yəni hücumçusu hücumda, məşqçisi De Byazi məşqçilikdə, müdafiəçisi müdafiədə, yarımmüdafiəçisi yarımmüdafiədə, AFFA-sı da AFFA-da bir işə yaramır. Bəs, yaxşı, bunları futboldan uzaqlaşdırıb hansı sahəyə cəlb etmək lazımdır ki, heç olmasa, bir dəfə vətəndaşlarımıza, cəmiyyətimizə yararlı, faydalı olsunlar?

 





13.06.2022    çap et  çap et