Xəbərdə deyildiyinə görə, İrəvan güman edir ki, bu addım ilə «Dağlıq Qarabağ Respublikası»nı Gömrük İttifaqının üzvü edə biləcək: «Ermənilər Ermənistan və Rusiyanın sərhədlərinin olmamasının bu plana əngəl törətməyəcəyi fikrindədirlər. İrəvan bu məsələni tezliklə həll etmək niyyətindədir. Bu tələskənliyin səbəbi barədə açıqlama verən Ermənistan iqtisadiyyat nazirinin müavini Karen Minasyan bildirib ki, onun ölkəsi son 6 ildə bu birliyə daxil olmaq üçün uzun bir yol keçib və zəruri islahatları həyata keçirib».
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan isə bəyan edib ki, İrəvan Gömrük İttifaqına daxil olmaq istəyən bir çox ölkələri əksər sahələrdə qabaqlayıb. O, həmçinin bildirib ki, İrəvanın kimisə gözləmək fikri yoxdur və məsələnin tezliklə həllini istəyir. Köçəryanın sözlərinə görə, İrəvan Rusiya ilə inteqrasiya proseslərini sürətləndirməyi arzu edir.
Ermənistan prezidenti Serj Sərkisyan da Ermənistanın Gömrük İttifaqına daxil olması prosesini sürətləndirməyi vacib saydığını bildirib. «Ermənistan Gömrük İttifaqına daxil olan zaman Dağlıq Qarabağın taleyi necə olacaq» sualına cavab verərkən baş nazir Tiqran Sarkisyan bildirib ki, bu məsələ müzakirə edilməyib.
Sayt daha sonra yazır ki, rəsmi İrəvan Ermənistan və Dağlıq Qarabağ arasında vahid iqtisadi zonanın saxlanılacağını bildirir: «Bildirilir ki, Ermənistanla «Dağlıq Qarabağ Respublikası» arasında sərhəd məntəqələri olmayacaq. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ dolayısı ilə də olsa Gömrük İttifaqının üzvü olacaq. İrəvan hesab edir ki, Ermənistan Gömrük İttifaqının üzvü olduqdan sonra Dağlıq Qarabağ Gömrük İttifaqı üzvləri ilə sıx əlaqələrə malik olacaq. Bu isə bölgənin başqa ölkələr tərəfindən müstəqilliyinin tanınması anlamına gəlir».
Rusiya hakimiyyətinə yaxınlığı ilə
tanınan saytın yazdıqlarından belə qənaətə gəlmək olur ki, işğalçı Ermənistan
hakimiyyəti Dağlıq Qarabağla bağlı olduqca məkrli bir planı həyata keçirmək
istəyir. Bəzi siyasi analitiklər hesab edir ki, bu planın baş tutması
Azərbaycan üçün Dağlıq Qarabağı birdəfəlik itirmək ola bilər. Bu fikirdə olan
siyasi təhlilçilərin fikrincə, Dağlıq Qarabağın Ermənistanla birlikdə Gömrük
İttifaqına daxil olması və təhlükəsizlik çətiri altına alınması üçün
separatçıların nəzarətində olan Dağlıq Qarabağ ərazisində qondarma referendum
oyununa getmə təhlükəsi var. Təhlükə ondan ibarətdir ki, belə bir «referendum»
Beləliklə, yayılan xəbərləri və xəbərlər əsasında irəli sürülən təhlilləri izlədikdə, Azərbaycanın öz əraziləri üçün çox ciddi narahat olması və təcili hərəkətə keçməsi zərurəti meydana gəlir. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu da bu mövzuda bizimlə söhbətində Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı özü ilə birlikdə Gömrük İttifaqına və Avrasiya İttifaqına daxil etməyə çalışdığını bildirdi. Onun dediyinə görə, işğalçı ölkənin hakimiyyəti adı çəkilən ittifaqlara təcili daxil olmaq istəyir. Bunun isə iki səbəbi var: «Birinci səbəb Ukrayna hadisələri ilə bağlıdır. Qərblə Rusiya arasında geosiyasi mübarizə gedir. Ermənistan neçə vaxt idi özünü həm Qərbə, həm də Rusiyaya yaxın göstərməyə çalışırdı. Ukrayna hadisələrində Qərblə Rusiyanın mübarizəsinin kəskinləşməsindən sonra Rusiya Ermənistanı məcbur edir ki, təcili Gömrük İttifaqına və Avrasiya İttifaqına qoşulmaq üçün sənədi imzalasın. Əslində bu sənədlər 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində imzalanmalı idi. Amma indi hiss olunur ki, proseslər sürətləndirilib. İkinci səbəb Rusiyanın Ermənistanın ikibaşlı oyun oynamasını və Qərblə yaxınlaşmasını görərək İrəvana təzyiq göstərməsidir. Moskva konkretləşdirmək istəyir ki, Ermənistan yaxın aylarda Gömrük İttifaqına və Avrasiya İttifaqına girməlidir. Bununla Ermənistan elə bil ki, SSRİ-nin tərkibinə daxil olur. Baş verənlərin Qarabağ münaqişəsinin tənzimlənməsinə təsirinə gəlincə, İrəvan çalışır ki, Ermənistanla birlikdə Dağlıq Qarabağ da Gömrük İttifaqının tərkibinə daxil edilsin. Bu, ermənilərin arzusudur. Amma bu arzunun gerçəkləşməsi mümkün deyil. Əvvəla, Azərbaycan dövləti bunun qarşısını almaq üçün tədbirlər görməyə qadirdir. İkincisi, Qazaxıstan və Belarus Ermənistanın bu istəyinə qarşıdırlar. Gömrük İttifaqında və Avrasiya İttifaqında qərarlar konsensusla qəbul edilir. Yəni tək Qazaxıstan prezidenti Nazarbayev səs verməsə, Ermənistan Gömrük İttifaqına və Avrasiya İttifaqına daxil ola bilməyəcək. Nazarbayev isə artıq bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsini tənzimləyəndən sonra Gömrük İttifaqına girə bilər. Görünən odur ki, Rusiya da Ermənistanın Gömrük İttifaqına Dağlıq Qarabağsız daxil olmasını istəyir. Ermənilər Rusiyanın bu mövqeyinin dəyişməsinə çalışırlar. Ancaq Rusiya Azərbaycanla münasibətləri pozmamaq üçün mövqeyində qalır. Rusiya Gömrük İttifaqına Ermənistan SRİ-ni daxil etmək istəyir, işğal olunmuş Azərbaycan ərazilərini yox».
Rusiyanın Azərbaycanı da Gömrük İttifaqına və Avrasiya İttifaqına qoşulmağa məcbur etməsi üçün Azərbaycan qarşısında «Ya bu ittifaqlara qoşul, ya da Ermənistan Dağlıq Qarabağla birlikdə Gömrük İttifaqına qəbul ediləcək» seçimini qoyacağını da bir sıra ekspertlər istisna etmirlər.
Mübariz Əhmədoğlu isə düşünür ki, belə variantın ortaya atılması mümkün deyil. Bunun da səbəbləri var: «Əvvəla, Rusiya Dağlıq Qarabağı rəsmi şəkildə Ermənistana vermədən də Ermənistanı Gömrük İttifaqına daxil edir. Ermənistan Rusiyanın qabağına şərt qoya bilmədi ki, Dağlıq Qarabağı da bizimlə birlikdə qəbul etməsəniz Gömrük İttifaqına daxil olmuruq. Ermənistanın haqqında söhbət etdiyimiz hər iki ittifaqa qəbulunda Dağlıq Qarabağ söhbəti yoxdur. Rusiya Dağlıq Qarabağ məsələsini Azərbaycana qarşı istifadə edə bilər. Ancaq Azərbaycan Rusiya ilə münasibətlərində bu təsirləri azaltmaq üçün əlavə parametrlər var. Rusiya mümkün qədər çalışacaq ki, Azərbaycan qarşı fərqli siyasət aparsın. Rusiya Azərbaycanı Gömrük İttifaqına və Avrasiya İttifaqına qoşmağa, Dağlıq Qarabağ kartını işə salmaqla vadar eləsə Rusiyanın regionda, Yaxın Şərqdəki geosiyasi uğurları ciddi zərbə alar. Bunu Kreml bilməmiş deyil».