Vaxt.Az

“Uşaqlar çox əziyyət çəkdilər”


 

De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”

“Uşaqlar çox əziyyət çəkdilər” “Axır ki, qələbə qazandıq. Mən sevinirəm. Siz də sevinirsinizmi? Özüm üçün yox, futbolçular adına sevinirəm. Çünki onlar buna layiqdirlər. 11 günə 4 oyun keçirdik, ağır matçlar oldu. Mövsümün sonu olduğu üçün çox çətin idi. Amma bu gün qalib gələ bildik”.

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Belarus yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis bildirib ki, Qazaxıstan seçməsinin qrup liderliyi sürpriz olmamalıdır: “Maraqlı məqam odur ki, onlarda mövsüm davam edir. Digər ölkələrdə isə mövsüm bitib və bu, fiziki baxımdan özünü göstərir. Qazaxıstana qarşı da yaxşı oynamışdıq. Amma şanslardan istifadə edə bilmədik və bu, bizə baha başa gəldi. Nostradamus da səhv edir. Mən də yanıla bilərəm. Heç kim gözləmirdi ki, Qazaxıstan iki dəfə Slovakiyaya güc gələcək. Onların çox yaxşı komandası var. İstərdim ki, hansısa məqamlarda biz Qazaxıstandan bəzi şeyləri öyrənək. Slovakiyaya gəlincə, həmişə çalışıb qalib gəlməliyik”.

De Byazi bu gün bəzi oyunçuları ikinci hissənin sonuna saxlamaq istədiklərini sözlərinə əlavə edib: “Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik. İki hücumçudan başqa Aleksey İsayev və Coşqun Diniyevi xüsusi qeyd etməliyəm. Start heyətdə meydana çıxanlar da sonadək vuruşdular. Bu, Slovakiya ilə matçdan sonra çətin idi. Amma oyunçular bunu bacardılar”.

İtaliyalı baş məşqçi Slovakiyaya qarşı əvvəlki matçın ilk 20 dəqiqəsinin komanda üçün çətin keçdiyini etiraf edib: “Amma daha sonra yaxşı oynamışdıq. Son dəqiqələrdə istədiyimiz kimi oynamadıq və rəqib bundan yararlandı”.

Mütəxəssis problemlərin arxada qalacağına inandığını söyləyib: “Qalib gəlmişik deyə, rahatlaşmamalıyıq. Bunu davam etdirməliyik. Əvvəlki oyunlarda da yaxşı oynamışdıq. Sizin üçün nəticə önəmlidir. Amma biz məsələyə kompleks yanaşırıq”.

De Byazi kapitan Maksim Medvedevin texniki zonada aktiv olmasına da toxunub: “Mən ona deyirdim, Maksim isə fikirlərimi oyunçulara çatdırırdı. Komandanın kapitanıdır, böyük təcrübəsi var. Fikirləşirəm ki, gələcəkdə də məşqçi işləyə bilər. Amma bu, pis və ağır işdir, bilmirəm, istəyər, ya yox. Bu gün hamımız bir yerdə vuruşurduq”.

Baş məşqçi 4 matçda start heyəti dəyişməməsi barədə də danışıb: “Bir oyun üçün cəmi 4 günümüz olur. Klubda daha asandır, vaxt çox olur. Bizdə belə deyil. Fikirləşirəm ki, komandanın inkişafı üçün bir yerdə daha çox oynaması vacibdir. Yorğun ola bilərlər, amma qərar verdik ki, belə davam edək”.

Mütəxəssis daha çox xala layiq olduqlarını söyləyib: “Qazaxıstanla oyunda xala layiq idik. Belarusla Serbiyadakı matçda isə 3 xal əldə edə bilərdik”.

De Byazi matçda hesabı açan Mahir Emrelinin çıxışı barədə də danışıb: “Qoldan çox onun necə qaçıb topu götürməsi xoşuma gəldi. Hər bir oyunçu komanda üçün oynamalıdır. Onun bu istəyi çox pozitiv oldu”.

“Nəticəyə görə şadam. Uşaqlar çox əziyyət çəkdilər. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. 3 gün öncə burada Slovakiyaya uduzmuşduq. Qələbə bizim üçün yaxşı oldu”.

66 yaşlı italiyalı mütəxəssis bildirib ki, son dəqiqələrdə sistemi dəyişdikdən sonra hücum futbolu sərgiləyiblər: “Meydana sonradan daxil olan futbolçular daha hazır idilər və bu da nəticədə öz əksini tapdı”.

O, oyunun sonlarında yorulan Emin Mahmudovu əvəzləməməsinin səbəbini açıqlayıb: “Emin bizim üçün vacib oyunçdur. Əmin idim ki, sonadək oynayacaq. Bu səbəbdən, meydanda qalmasını lazım bildim”.

De Byazi hazırda qrup lideri olan Qazaxıstan millisinin güclü komanda olduğunu söyləyib: “Orada çempionat davam edir. Bizdə isə mövsüm bitib. Bu səbəbdən, onlar fiziki cəhətdən daha hazırdırlar. Sentyabrda bu rəqiblə Bakıda qarşılaşacağıq və onları məğlub etməyə çalışacağıq”. (report.az)

 





13.06.2022    çap et  çap et