İran xəbər agentlikləri bildiriblər ki, zəhərli qaz sızması səbəbindən Cəmdən Firuzabada gedən yol növbəti xəbərdarlığa qədər bağlanıb.
İran rəsmiləri ilkin olaraq yaralıların sayının 5 olduğunu bildirsələr də, qısa müddətdən sonra Fars əyalətinin Təcili Yardım Mərkəzinin rəhbəri Firuzabad natrium karbonat zavodunun çənlərində baş vermiş sızma nəticəsində yaralananların sayının 72-yə, gecə saatlarında isə 112 nəfərə yüksəldiyini açıqlayıb.
Rəsmilər axşam saatlarında baş verən partlayışın səbəbləri və ölənlərin sayı barədə məlumat verilməsə də məlumatlı sosial media mənbələri çox sayda insanın öldüyü ehtimalını yazıblar.
Bu hadisə Firuzabad natrium karbonat fabriki 2020-ci ilin dekabrında fəaliyyətə başladığı və istismara verilməsindən iki ildən az vaxt keçdiyi halda baş verib.
“İRNA” xəbər agentliyi partlayışı çənlərdən birində qaz sızması ilə əlaqələndirib.
Son illər İranın neft-kimya komplekslərində, neft emalı zavodlarında və digər neft müəssisələrində çoxlu oxşar qəzalar baş verib, bu qəzaların əsas səbəbi kimi avadanlıqların köhnəlməsi və ya keyfiyyətinin aşağı olması göstərilib.
Partlayış baş verən zavodda istifadə olunan texnikanın əhəmiyyətli bir hissəsinin İran, bir hissəsi isə Çin malı olduğu bildirilir.