Bunu Modern.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov müxalifətin Azərbaycanın MDB-dən çıxması ilə bağlı çağırışlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir: «MDB-də ola-ola Avrointeqrasiya yolunu tutmaq mümkün deyilmi? Əlbəttə, mümkündür. Hər bir dövlət bir neçə təşkilatla əməkdaşlıq edir. Avropa İttifaqı ilə Azərbaycanın çox geniş əməkdaşlığı var. Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi-ticarət dövriyyəsi 40 milyardan artıqdır. Biz NATO ilə də əməkdaşlıq edirik. Daim onların tədbirlərində iştirak edirik. Biz bütün tərəflərlə əməkdaşlıq edirik. Azərbaycanda aparılan düzgün xarici siyasət heç bir dövlətdə yoxdur».
S.Novruzov qeyd edib ki, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti çox düzgün qurulub: «Bunun da təməli ümummilli liderimiz tərəfindən qoyulub. Biz onun siyasətini uğurla davam etdiririk. Burada heç bir problem yoxdur».
Qeyd edək ki, bəzi müxalifət partiyaları Azərbaycanın MDB-də təmsil olunmasının əleyhinədirlər. Həmin partiyalar Azərbaycanın MDB-dən çıxmasını və Avrointeqrasiya yolunu tutmasını tələb edirlər.