Vaxt.Az

Pedaqoji kadrlar hansı yolla seçilir?


 

Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır

Pedaqoji kadrlar hansı yolla seçilir? Təhsil nazirinin səsləndirdiyi metodoloji problemin kökündə dərsin planlaşdırılmaması dayanır. Nazir hiss olunur ki, problemin xarakterini bilir və bu barədə açıq danışır.

Müəllimliyin Əlifbası sayılan Didaktikanın kökündə öyrənməklə öyrətmək durursa, Metodika planlı fəaliyyət sənəti sayılır. Salamlaşmadan başlayaraq sağollaşmaya qədər ayrılan vaxt planlanmalı, müəllimlərə dərsin planlanması üçün əlavə saatlar verilməlidir. 

Almaniya, Avstriya, İsveçrə və digər ölkələrin orta məktəblərində tətbiq edilən qaydaları öyrənmək lazımdı. Avropa və Amerika ölkələrinin orta məktəbləri az fərqlə bir-birinin təkrarıdır. 

Xaricə oxumağa göndərilən tələbələr arasında pedaqoji təhsil alanların sayı haqqında heç bir məlumat yoxdur. Təbii ki, xaricdə pedaqoji təhsil alan tələbələrimiz var. Ancaq geri qayıtmırlar, çünki yüksək maaşı qoyub az maaşa işləmək istəmirlər.

İsveçrədə ən çox maaş alan peşə sahibləri müəllimlərdir. Hər bir müəllim ildə ən azı 5 iş günü təkmilləşmə kursu keçməli və sertifikatlarını məktəb direktoruna təqdim etməlidir.

Təkmilləşmə kurslarının özü müstəqil pedaqoji birliklərin yoxlanışı və sertifikasiyasından keçdikdən sonra müəllimləri təkmilləşdirə bilərlər. Yəni müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır. 

İsveçrədə, Almaniyada ona yaxın sertifikasiyadan keçmişəm, ancaq onların heç birində Azərbaycandakı kimi sertifikatlaşdırma görməmişəm. Dialoji öyrənmə, Fərqləndirmə, Öyrənmənin kəşfi, Çoxölçülü Öyrənmə, kooperativ öyrənmə üsul və qaydaları haqqında bizim pedaqoq hazırlayan ali məktəblərimiz susurlar. Makarov prinsip və qaydaları ilə 21 ci əsrdə pedaqoq hazırlamaq çətin və mümkünsüz işdir. 

Təhsildəki problemlər haqqında əsasən Dövlət İmtahan Mərkəzinin nəşrlərindən məlumat almaq mümkündür. İkinci belə bir kompetent nəşr demək olar ki, yoxdur. 

Təhsil eksperti adlandırılan şəxslərin qabartdığı repetitor və ya hazırlıq kursları problem deyil. Dünyanın ən qabaqcıl ölkələrində repetitorluq institutu var. Dərs yükünü çəkə bilməyən şagirdlər əsasən repetitorların köməyindən istifadə edirlər. Əlaçı  şagirdin repetitorun yanında nə işi var, bunu anlamıram. Bizdə əsasən əlaçı tələbələr repetitora müraciət edirlər, oxumayan şagirdləri də qaranlıq yollarla sinifdən sinfə keçirirlər. 

Məktəblərdəki sinif imtahanlarının nəzarət altına alınması lazımdı. Bu imtahanlar da DİM in nəzarətinə verilsə, ölkədə ikinci təhsil nazirliyi yaranar.

Pedaqoji Universitetin və digər ali məktəblərin internet səhifələrini incələdim. Ali Məktəblərdəki vakansiyalar haqqında nadir hallarda elan yerləşdirilir. İndiki dövrdə pedaqoji kadrları başqa hansı yolla seçdikləri bilinmir. Harvard Universitetindən tutmuş Moskva Universitetinə qədər hər bir qabaqcıl universitetlər daima kadr axtarışındadılar və bu barədə təkcə öz səhifələrində deyil, ödənişli elan saytlarında belə elan yerləşdirirlər. Bizim Pedaqoji Universitetdə işə düzəlmə başqa hansı yolla həyata keçirilir görəsən? Təhsil Nazirliyi Pedaqoji Universitetin vakansiyaları haqqında elanlarını görübmü? Vakansiyalar elan formasında dərc olunmursa, həmin ali məktəbin fəaliyyəti kriminal xarakter daşıyır.

 





14.06.2022    çap et  çap et