Bazar ertəsi ABŞ Dövlət katibi Entoni Blinken Dövlət Departamentində Cənubi Koreyanın xarici işlər naziri Park Jin ilə danışıqlar aparıb. Nazirlər Şimali Koreyanın misli görünməmiş sayda ballistik raket sınaqlarına və nüvə təhdidlərinə “vahid və qəti” cavabı müzakirə edib.
Bu il Şimali Koreya 31 ballistik raket buraxaraq, 2019-cu ildəki 25-lik rekordu qırıb.
Park Şimali Koreyanın növbəti nüvə sınağına hazırlığını başa çatdırdığına inandığını və indi yalnız “siyasi qərar” tələb etdiyini deyib. Bu, Pxenyanın 2006-cı ildən bəri yeddinci, 2017-ci ilin sentyabrından bəri isə ilk nüvə sınağı olacaq.
Cənubi Koreyanın baş diplomatı kimi Vaşinqtona ilk səfəri zamanı Park jurnalistlərə deyib: “Şimali Koreya növbəti nüvə sınağına girsə, məncə, bu, bizim çəkindirmə qabiliyyətimizi və beynəlxalq sanksiyaları gücləndirəcək və Şimali Koreyanı beynəlxalq ictimaiyyətdən təcrid edəcək”.
Blinken birgə mətbuat konfransı zamanı deyib: “Biz hərbi vəziyyətimizə uyğun olaraq həm qısa, həm də uzunmüddətli düzəlişlər etməyə hazırıq”. Baş diplomat əlavə edib ki, hər iki ölkə birləşmiş hərbi təlimlərin miqyasını və həcmini genişləndirmək, habelə Koreya yarımadasında və onun ətrafında təlim keçmək haqqında danışır. Blinken ABŞ və Cənubi Koreya arasında genişləndirilmiş çəkindirmə işçi qrupu yenidən qurulacağını və gələcək həftələrdə çox tezliklə ayağa qalxıb işləyəcəyini deyib.
Bayden administrasiyası ilkin şərt olmadan Pxenyanla dialoqa can atır və ya üçüncü tərəflər, ya da yüksək rütbəli ABŞ rəsmilərinin KXDR-in yüksək vəzifəli məmurlarına şəxsi mesajları daxil olmaqla, özəl kanallar vasitəsilə Şimali Koreya, rəsmi olaraq Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə xüsusi təkliflər əsasında əlaqə saxlayıb. Bunu ABŞ-ın KXDR-dəki xüsusi nümayəndəsi Sunq Kim deyib. Şimali Koreya heç bir cavab verməyib və diplomatik danışıqlarda maraqlı olduğunu bildirməyib.
Bayden administrasiyası Şimali Koreyanın qanunsuz nüvə silahları və raket proqramlarını davam etdirməsini Hind-Sakit okean regionunun üzləşdiyi əsas problemlərdən biri kimi vurğulasa və Şimali Koreyanın təxribatlarına qarşı genişlənmiş çəkindirməni gücləndirəcəyinə söz versə də, Konqresin bəzi üzvləri Dövlət Departamentinin Hind-Sakit okean strategiyasını prioritetləşdirmək ciddiliyinə şübhə ilə yanaşır.