Vaxt.Az

“Milli reallıqları əks etdirir”


 

Prezident İlham Əliyev: “Şuşa Bəyannaməsi münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərir”

“Milli reallıqları əks etdirir” “Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir”. Bu barədə Prezident İlham Əliyev “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda bildirib.

Dövlət başçısı deyib ki, Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir, eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir: “Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Qürurverici haldır ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər”. (APA)

 





15.06.2022    çap et  çap et