Vaxt.Az

“Qayıdın, qardaşlar, hara gedirsiz?”


 

... Yaxud yaddaşı unutmamaq üçün ibrət olan kadrlar

“Qayıdın, qardaşlar, hara gedirsiz?” Çingiz həyatımızdan fırtına kimi keçdi... Müharibənin aynası oldu.

Birinci Qarabağ müharibəsində sovet jurnalistikasının boz ənənəsini dağıdaraq davadan xəbər gətirirdi. Qəribə rus ləhcəsi ilə azərbaycanca danışan Çingiz özü ilə jurnalist olmaq istəyən minlərlə gənci ruhlandırırdı.

1992-ci ildə Çingizin 30 yaşı vardı. Həkim idi. Cins şalvarlı və cazibədar görünüşlü bu oğlan Qarabağa getməyə də bilərdi. Amma getdi... Dostları, qohumları ona ironiya ilə yanaşırdılar: “Onun başı xarab olub, nəyə gedir o qırğının içinə? Çingiz hara, jurnalistika hara?”

1992-ci ildə yeddi milyon Azərbaycan xalqının əlində silah Qarabağda döyüşən 30 min nümayəndəsi var idi. 

Çingiz onları çəkirdi. 

Məmur, siyasətçi, alverçi, kəndli, qaçqın - Ölmək istəməyənlərin hamısı axşam oturub onları qoruyan döyüşçülər barədə Çingizin gətirəcəyi xəbəri gözləyirdi...

Peşəkarlığı çatmırdı, emosiyası jurnalist soyuqqanlığını üstələyirdi- Bəzən lap siyasətçiyə oxşayırdı Çingiz. 

30 il əvvəl, mayın 16 -da Çingiz Mustafayev Laçında hərbçilərin qarşısını kəsib “qayıdın, qardaşlar, hara gedirsiz?”, – deyə ağlaya-ağlaya bağırırdı.

Qayıtdıq, Çingiz! 28 ildən sonra. 

Sənin bu kadrların artıq tarixdir. İndi bu çəkiliş məzlumluq və çarəsizliyin doğurduğu qəzəb yox, yaddaşı unutmamaq üçün ibrətdir.

Qarabağa qayıtdıq, Çingiz!

Rahat yat!

Oğullar atalarının yarımçıq qalmış işini tamamladı…

Vətən Müharibəsindən sonra Çingizin çəkdiyi kadrlara baxırdım...

Kədərli, qüssəli və ağrılı keçmiş. Başını itirmiş xalq, siyasi alverçilərin fırıldağında batan Qarabağ, vətən aşiqlərinin çarəsiz halı, acı göz yaşları... 

Silahı atmayan Qəhrəmanlar!

Hamısı yadımızdadır!

Çingizin çəkdikləri bizim bugünkü siyasi tariximizdir. Bu kadrlar Azərbaycanın bir tablosudur. AZTV-nin ütülənmiş və siyasi hoqqabazlara yönəlik çəkilişlərindən fərqli olaraq Çingizin pinti, xaotik kadrlarında üst-başından çirk axan, vuruşan, ağlayan, söyən, qələbə sevincindən məst olanlar bizə özümüzün keçmişini nəql edir, ayna tutur.

Bu, həm də ibrət üçün yaddaşdır!

 





15.06.2022    çap et  çap et