FED bu il 2 faizlik inflyasiya hədəfləsə də aprel ayında 12 aylıq qiymət artımı səviyyəsi 6.3 faizədək yüksəlib. Bu son 40 ildə ABŞ-da ən yüksək inflyasiya göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2.8 faiz proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-in kəskin dərəcə artımlarına getməyə məcbur edib.
FED uçot dərəcəsini artırmazdan öncə, hətta dərəcənin yüksələcəyi ilə bağlı xəbərlər yayılandan sonra birjalar buna reaksiya verdi. Təbii ki, ən çox verilən sual ənənəvi idi: dünya bazarında dollar kəskin bahalaşacaqmı?
Artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib. Ötən həftə “özünə gələn” Avropa pulu yenidən dollara qarşı ucuzlaşaraq 1 avro 1.04 dollaradək dəyər itirib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də ABŞ birjalarında aktivlik müşahidə olunur.
Manatın məzənnəsinə gəldikdə isə kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.
Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.