Vaxt.Az

Almaniya, Fransa və İtaliya liderləri Kiyevdədir


 

Ukrayna hər üç dövləti lazımı dəstəyi göstərməməkdə suçlayır

Almaniya, Fransa və İtaliya liderləri Kiyevdədir Rusiya qüvvələri Ukraynanın şərqi Donbas regionunda əsas şəhər olan Severodonetksi tam ələ keçirmək üçün hücumu intensivləşdiriblər. Bu arada üç Avropa ölkəsinin lideri Moskvanın amansız hücumunda Ukraynaya dəstək nümayişi üçün Kiyevə gediblər.

Fransa prezident idarəsinin yaydığı məlumata görə, Prezident Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi Polşadan Kiyevə gediblər. Rumıniya Prezidenti Klaus Yohannis Kiyevdə onlara qoşulacaq.

Kiyevdə jurnalistlər qarşısında çıxış edən Makron deyib ki, Avropa İttifaqının (Aİ) üç böyük iqtisadiyyatının liderləri Ukrayna Prezidenti Vladimir Zelenskiyə “Avropa həmrəyliyi” mesajını ötürəcəklər.

***

Ukrayna Fransa və Almaniyanı, müəyyən qədər də İtaliyanın Kiyevi dəstəkləməkdə tərəddüd etdiyini deyib, onları silahları ləng göndərməkdə suçlayıb.

Döyüş zonasına gəlincə, Ukrayna ordusu Rusiyanın Luqansk vilayətinin şimalına əsas zərbə qüvvələrini cəmlədiyini, doqquz istiqamətdə eyni vaxtda hücuma keçməyə çalışdığını bildirir.

Silahlı qüvvələrin baş komandiri Valeri Zalujni Luqansk vilayəti uğrunda ağır döyüşlərin getdiyini, rusiyalıların təyyarələrdən, artilleriyadan istifadə etdiyini söyləyib.

Luqanskın ən böyük şəhəri olan Severodonetskin tutulması Rusiya qüvvələrinin qərbə doğru – Slovyansk və Kramatorska irəliləməsi deməkdir.

***

Britaniyanın Müdafiə Nazirliyi iyunun 16-da gündəlik kəşfiyyat bülletenində bildirib ki, Severodonetskin müdafiəçiləri üçün vəziyyət həddən artıq çətindir, Ukrayna döyüş qüvvələrinin böyük bir hissəsini şəhərdən çıxara bilib.

Britaniya kəşfiyyatı Rusiyanın döyüşdə itirdiyi əsgərlərin yerini doldurmaq üçün mümkün çətinliklər yaşayacağını da qeyd edir.

BMT isə Severodonetskdə 12 minədək dinc sakinin təməl təchizatsız qaldığını bildirib. Onların çoxu Azot kimyəvi zavodunun yeraltı bunkerlərinə sığınıb.

Rusiya iyunun 15-də Azotdakı döyüşçüləri silahı yerə qoymağa çağırsa da, Kiyev ultimatuma əməl etməyib.

 





16.06.2022    çap et  çap et