Avropa Mərkəzi Bankı da gələn ay keçiriləcək iclasında uçot faiz dərəcəsinin 0.25 faiz bənd aralığında artırmaq niyyətindədir. May ayında avro zonada inflyasiya səviyyəsi son dekadaların tarixi rekordunu təzələyib: istehlak bazarında qiymətlər 8.1 faiz yüksəlib.
Bununla yanaşı, Avropa İttifaqında iqtisadi artım faizi də azalmaqdadır. 2022-ci il üçün 3.7 faiz artım proqnozlaşdırılan avro zonada ÜDM-in il ərzində 2.8 faiz böyüyəcəyi gözlənilir. Uzun müddət uçot dərəcəsinə toxunmayan Avropa Mərkəzi Bankı da artıq bu alətdən istifadə etmək niyyətindədir.
Azərbaycanda uçot faiz dərəcəsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra cəmi bir dəfə dəyişdirilib. Martın 18-də Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini 7.5-dən 7.75 faizədək yüksəldib. Dövlət Statistika Komitəsi bu ilin ilk 5 ayında inflyasiya səviyyəsinin 12,6 faiz olduğunu bəyan edib. Bu isə proqnozlaşdırılandan çoxdur. Bu kontekstdən Azərbaycanda uçot faiz dərəcəsinə yenidən baxılıb artırılması məqsədəuyğundur. FED daxil olmaqla aparıcı mərkəzi bankların kəskin faiz artımları fonunda Azərbaycanda da uçot faiz dərəcəsinin inflyasiya tənzimləyici və valyuta bazarında stabilləşdirici funksiyasından daha aktiv şəkildə istifadə edilməsinə ehtiyac var.