Vaxt.Az

Rusiyanın təcavüzü oyun qaydalarını dəyişir


 

NATO-da Ukraynanı dəstəkləmək və alyansın kollektiv müdafiə potensialını artırmaq barədə razılıq var

Rusiyanın təcavüzü oyun qaydalarını dəyişir Rusiyanın təcavüzü oyun qaydalarını dəyişir və buna görə də NATO-nun ilkin vəzifəsi inandırıcı çəkindirmə və güclü müdafiə qabiliyyətini saxlamaqdır. Bunu NATO-nun baş katibi Yens Stoltenberq şimal alyansı ölkələri müdafiə nazirlərinin iyunun 16-da keçirilən görüşündə deyib.

Stoltenberqin sözlərinə görə bu görüşdə nazirlər Ukraynanı onun Rusiya ilə qarşıdurmasında bundan sonra dəstəkləmək və NATO-nun kollektiv müdafiə potensialını artırmaq barədə razılığa gəliblər.

Baş katib deyib ki, bu ilk növbədə blokun şərq cinahının əlavə döyüş birlikləri ilə möhkəmləndirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün silah-sursat ehtiyatının artırılması deməkdir.

“Associated Press” agentliyi yazır ki, NATO özünün şərq cinahında alyansın birbaşa komandanlığı altında 40 minlik qoşun formalaşdırıb.

***

NATO-nun baş katibi bildirib ki, üzv ölkələr şimal alyansına nə qədər hərbçi verəcəklərinə dair qərara gəlməlidirlər. Almaniya artıq Litvadakı qoşunlarının sayını artırmaq planlarını elan edib. Fransa bildirib ki, ilin sonunadək Rumıniyada “Leclerc” tankları ilə birlikdə 1000 nəfərlik əsgəri qüvvə yerləşdirəcək.

“Reuters” agentliyinin xəbərinə görə Britaniya iyunun 16-da bildirib ki, Estoniyaya daha çox qoşun göndərəcək və oradakı briqadaya komandanlıq edəcək. Britaniyanın müdafiə naziri Ben Uolles deyib ki, onun ölkəsi Estoniyadakı iki döyüş birləşməsini böyüdərək vahid briqadaya çevirəcək.

***

NATO-nun yeni planlarına görə təşkil olunacaq briqadaların tərkibində 3-5 min arası hərbçi olacaq. Rusiyanın Ukraynaya hücumundan əvvəl Litva, Latviya və Estoniyada hər birində 1000 əsgər olmaqla NATO qvvələri yerləşdirilmişdi. Latviyanın müdafiə naziri Artis Pabriks deyib ki, NATO Baltikyanı ölkələrdə daha böyük canlı qüvvə və hərbi texnika cəmləşdirməlidir.

Ukrayna rəhbərliyi ölkənin şərqində Rusiya qüvvələrinin aramsız hücumları fonunda ölkəyə daha çox silah verilməsini istəyir. Ukrayna prezidentinin müşaviri Mixail Podolyak deyib ki, Ukraynaya təcili olaraq 1000-dən az olmayaraq haubitsa topu, 300 reaktiv yaylım atəşi sistemi və 500 tank lazımdır.

NATO nazirlərinin iclasında çıxış edən ABŞ müdafiə naziri Lloyd Ostin bir daha Finlandiya və İsveçin NATO-ya qoşulmaq qərarını alqışlayıb. Bu iki ölkənin NATO üzvlüyünə hələki Türkiyə etiraz edir. Ankara Stokholm və Helsinkini PKK tərəfdarlarının himayə etməkdə günahlandırır.

NATO nazirlərinin bu görüşü iyunun axırlarında alyansın Madriddə keçiriləcək sammitinin ərəfəsinə təsadüf edir.

Bu sammitdə NATO üzvləri Rusiyaya münasibətdə ümumi mövqelərini formalaşdırmalıdırlar.

 





17.06.2022    çap et  çap et