Vaxt.Az

Qlobal dünya nizamına təhdidləri necə aradan qaldırmalı?


 

Nizami dühası işığında IX Qlobal Bakı Forumu bu suala cavab axtarır

Qlobal dünya nizamına təhdidləri necə aradan qaldırmalı? Ötən ilin noyabrında burada – “Gülüstan” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir.

Prezident İlham Əliyev bu sözləri iyunun 16-da işə başlayan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında deyib.

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Qlobal Bakı Forumuna 50-dək ölkədən nümayəndə heyətləri, o cümlədən dövlət başçıları, nazirlər, sabiq prezidentlər, eləcə də beynəlxalq təşkilatların rəhbər və yüksək vəzifəli şəxsləri qatılıb.

Forumun açılışından öncə xatirə fotosu çəkdirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin IX Qlobal Bakı Forumunu açıq elan edərək sözü Prezident İlham Əliyevə verib.

Forumun iştirakçılarını salamlayan dövlət başçısı qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilib. Bu, bizim müzakirələrin cəlbedici olduğunu nümayiş etdirir, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və o, çox faydalıdır, onun çox mühüm praktiki təsiri var. Prezident vurğulayıb ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur və Qlobal Bakı Forumu bunun üçün mükəmməl platformadır. Bu, müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur. Biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.

Prezident daha sonra deyib: “Eyni zamanda, mən əminəm ki, gündəlikdə duran məsələlərdən biri beynəlxalq institutların, aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsi olacaq. Çünki bu məsələ labüddür, o, artıq bizə yaxınlaşır. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr, həmçinin miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Bu, ərzaq böhranı nəticəsində baş verəcəkdir. Enerji bazarlarındakı vəziyyəti buraya əlavə etsək, bu vəziyyəti proqnozlaşdırmaq çətindir. O, istehsalçılar və istehlakçılar arasında bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar – istehsalçılara həqiqətdə bu, lazımdır...”.

Azərbaycanın və yerləşdiyimiz regionun təhlükəsizlik məsələlərinə toxunan İlham Əliyev vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün bir fürsətdir: “Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır”.

Prezident diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edib: “Biz hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazi iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdük. Bu beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdi. Beləliklə, bu, müsbət dinamikadır. Lakin indi biz praktiki icraya keçməliyik. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaq...”.

İki ölkə sərhədinin delimitasiyası prosesinə də başlanıldığını və Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclasının keçən ay sərhəddə baş tutduğunu deyən Prezident  İlham Əliyev vurğulayıb ki, biz bu yolun uzun olduğunu anlayırıq, lakin bu proses artıq başlayıb. Eyni zamanda Azərbaycan kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata əməl edəcəyini gözləyir: “Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizlikdir və biz bununla razılaşmayacağıq. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu...”. 

Prezident vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgəyaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. 

Dövlət başçısı Azərbaycanda yaşayan ermənilərlə bağlı məsələyə də diqqət çəkib. Bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan ilə axırıncı görüşdən sonra yaydığı bəyanatda Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyinin nəzərə alınacağını deyib: “Biz bunu tam şəkildə dəstəkləyirik. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Yəni, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər. Bəli, hüquqlar və təhlükəsizlik məsələləri tərəfimizdən təmin ediləcək. Lakin, təəssüflər olsun ki, biz Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu, baş verir və bunun çox ciddi nəticələri ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub...”.

Azərbaycan Prezidenti çıxışının sonunda bir daha vurğulayıb ki, bizim Qafqazla bağlı baxışımız inteqrasiya və əməkdaşlıqdan ibarətdir. Bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı Gürcüstanla da məsləhətləşmə aparıb və Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi təklifini rəsmi Tbilisi də dəstəkləyir. Ermənistan isə bundan imtina edir: “Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır... Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsinin yekunlaşdırılmasına yaxındır. Yeni marşrutlar və enerji təhlükəsizliyi də bu sıradadır. Hesab edirəm ki, işə başlamağın vaxtıdır. Biz 30 il itirdik və erməni işğalı olmasa idi, düşünürəm ki, Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi...”.

Prezident sonda IX Qlobal Bakı Forumunun işinə uğurlar arzulayıb.

***

Sonra Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, Albaniyanın Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç, Gürcüstan Prezidenti Salome Zurabişvili, Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Abul Qeyt və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin çıxış ediblər.

Forum işini panel iclaslarla davam etdirib. IX Qlobal Bakı Forumu iyunun 18-də başa çatacaq.

 





17.06.2022    çap et  çap et