Vaxt.Az

Conson yenə Kiyevə gəlib


 

Ağır silahlar, HHM sistemləri, Rusiyaya qarşı yeni sanksiyalar və təhlükəsizlik qarantiyaları müzakirə edilib

Conson yenə Kiyevə gəlib Britaniyanın baş naziri Boris Conson iyunun 17-də əvvəlcədən elan etmədən Kiyevə gəlib. Conson burada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Bu görüşdən fotoları sosial şəbəkələrdə həm Zelenski, həm də Conson paylaşıblar.

Bu, Boris Consonun Kiyevə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlanandan bəri ikinci səfəridir.

O bundan əvvəl Kiyevdə aprelin 9-da olub. Onda Rusiya qoşunları bir neçə gün idi ki, Kiyev ətrafından geri çəkilmişdi.

Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak deyib ki, danışıqlarda Ukraynaya ağır silahların və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin verilməsi, Ukraynaya dəstək, Rusiyaya qarşı yeni sanksiyalar və təhlükəsizlik qarantiyaları müzakirə edilib.

***

Conson Britaniya hökuməti adından Ukrayna hərbçilərinə Britaniya ərazisində təlim keçilməsi proqramını təklif edib. Baş nazirin sözlərinə görə Britaniya dörd ay ərzində 10 minədək Ukrayna hərbçisini təlimləndirə bilər.

Conson qeyd edib ki, London bu müharibədə dönüşə nail olunmasını istəyir. Britaniya Rusiyanın hərəkətlərinə münasibətdə çox kəskin mövqe tutur.

London indiyədək Kiyevə bir neçə yüz milyon dollarlıq silah verib və silah təchizatını daha da artırmaq niyyətindədir. Britaniya rəsmiləri daim bəyan edirlər ki, Ukraynanın dəstəklənməsindən məqsəd onun bu müharibədə qələbəsini təmin etməkdir.

Bundan bir gün əvvəl Kiyevə Avropa İttifaqının dörd üzvü – Almaniya, Fransa, İtaliya və Rumıniyanın liderləri səfər etmişdilər.

 





17.06.2022    çap et  çap et