Vaxt.Az

İranda prezident seçkilərinə 3 gün qaldı


 

Bir mühafizəkar namizədliyini geri götürdü, rəsmi Tehran isə demokratik seçki vəd edir

İranda prezident seçkilərinə 3 gün qaldı İyunun 14-də İranda növbəti prezident seçkiləri keçiriləcək. İran qanunlarına görə, seçkilərə 24 saat qalmış, yəni iyunun 13-də təbliğat kampaniyası başa çatacaq. Qeyd edək ki, iyunun 14-də İranda 11-ci prezident və 4-cü şəhər və kəndlər şuralarına seçkilər keçiriləcək. İran dövlət radiosunun məlumatına görə, artıq seçkilərə hazırlıq başa çatıb, İran ərazisində və xarici ölkələrdə seçki qərargahları hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, təxminən bir ay ərzində prezidentliyə namizədlər ölkə ərazisində görüşlər keçiriblər. Eyni zamanda namizədlər arasında televiziya debatı təşkil olunub. Qeyd edək ki, İranda prezident seçkilərində 8 namizəd - Qulam Əli Həddad Adil, Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Rza Arif, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərazi və Əli Əkbər Vilayəti - iştirak edəcək. Müşahidəçilərə görə, islahatçıların əsas namizədi hesab olunan keçmiş prezident Haşimi Rəfsəncaninin namizədliyi qeydə alınmadıqdan sonra favorit “mühafizəkar” qanadın nümayəndələridir. Xüsusən də keçmiş spiker Həddad Adil, Tehran meri M.Qalibaf və ali dini liderin müşaviri Ə.Vilayəti bir neçə ay əvvəl 2+1 koalisiyası yaradıblar və onlar əsas namizəd hesab olunurdu. Ancaq ötən gün Qulaməli Həddad Adil öz namizədliyini geri götürdüyünü bəyan edib. Mediaforum.az saytının yazdığına görə, bununla bağlı yaydığı açıqlamada Q.Həddad Adil bu addımını mühafizəkarların namizədinin qalib gəlməsi naminə atdığını bildirib. Qeyd edək ki, hazırkı şanslı namizəd siyahısında sadalanan şəxslərlə yanaşı, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili də seçkilərin şanslı namizədlərindən biri hesab olunur.
Bazar günü İran parlamentinin sədri Əli Laricani Qum şəhərində Əimmeyi Əthar (Pak İmamlar) Fiqh mərkəzində keçirilən İran şəhər-kənd şuraları seçkiləri ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı seçkilərin dini demokratiyanın əsas sütunu olduğunu bildirib. “Farsnews” agentliyinin xəbərində deyilir ki, Ə.Laricani ədalətli seçkilərin dövlətin etibarını daha da yüksəltdiyini bildirib. Xatırladaq ki, İranda 2009-cu ildə keçirilən seçkilər ölkədə etiraz dalğalarına səbəb olub və bir çoxları seçkilərin nəticələrini şübhə altına alıb. Bu baxımdan bir sıra ekspertlərə görə, budəfəki seçkilərdə mümkün qədər “problemsiz”, iğtişaşlara səbəb olmayacaq namizədlər qeydiyyata alınıb. Əsas namizədlər isə daha çox mühafizəkar adlandırılan ali dini liderə yaxın camiənin nümayəndələridir. Bu arada sabiq prezident, namizədliyi qeydiyyata alınmayan H.Rəfsəncaninin qızı Faizə Haşimi jurnalistlərə açıqlamasında atasının prezidentliyə namizədliyinin qeydə alınmamasının siyasi qərar nəticəsində olduğunu deyib.
Qeyd edək ki, bugünlərdə İran İslam Respublikasının Bakıdakı səfirliyi Azərbaycan Respublikasında yaşayan və ölkəyə səfər edən iranlıların prezident seçkisində iştirakını təmin etməyə hazır olduğunu bildirib. Səfirliyin rəsmi açıqlamasında deyilir ki, Azərbaycan Respublikasında yaşayan iranlılar iyunun 14-ü saat 8-dən 18-ə qədər səfirliyin ikinci korpusunda (Konsulluq şöbəsi - Bakı, Şərifzadə küçəsi, 17) səs verə bilər. Səsvermə üçün pasport və ya kimlik lazımdır.
Yeri gəlmişkən, son günlərdə seçkilərlə əlaqədar İranla Azərbaycan sərhədinin müvəqqəti olaraq bağlanacağı və ya viza rejiminin tətbiq olunacağı haqda məlumatlar yayılıb. Məlumatlarda iyunun 20-dək viza rejiminin tətbiq olunacağı, eyni zamanda seçki günlərində, yəni iyunun 13 və 14-də sərhədin bağlanacağı bildirilir. Ötən gün İran səfirliyindən bildirdilər ki, yayılan məlumatlarla bağlı səfirlikdə hər hansı məlumat yoxdur, eyni zamanda səfirlik sərhədlərin bağlanıb-bağlanmayacağı ilə əlaqədar İran XİN-ə sorğu göndərib.

 





11.06.2013    çap et  çap et