Azərbaycanın neft hasilatı azalsa da, qaz həcmləri isə ildən ilə artır. Digər tərəfdən də Avropa regionun digər ölkələrinin hasil etdiyi qazı da Azərbaycan vasitəsilə Avropaya ixrac edilməsini istəyir. Çünki Cənub Qaz Dəhlizi (CQD) ən etibarlı coğrafiya üzərindən çəkilib: Azərbaycan-Gürcüstan-Türkiyə-Yunanıstan-Albaniya-Adriatik dənizi-İtaliya. Buna görə də Avropa həm Azərbaycan qazının həcminin artırılmasında, həm də Transxəzər layihələrinin Azərbaycan üzərindən icrasında israrlıdır. Buna görə də ən yüksək səviyyədə cəhdlər edilir. Cənab Prezident İlham Əliyevə Co Bayden, Boris Conson və Avropa İttifaqının dövlət başçıları tərəfindən aramsız müraciətlər olur.
Tutaq ki, Xəzərin dibi bölüşdürüldü, Transxəzər layihələri üçün bütün stakeholderlər tərəfindən razılıq əldə edildi. Bu o deməkdir ki, Türkmənistan qazının, eləcə də İran qazının Cənub Qaz Dəhlizi üzərindən ixrac olunması barədə regional razılıq əldə edilir. O zaman gəlin baxaq görək CQD-nin potensialı bunu reallaşdırmağa imkan verəcəkmi?
Verməyəcək.
4 layihədən ibarət olan CQD-in Avropaya çatan 4-ci hissəsi TAP-dır ki, onun da ötürücülük gücü 10 milyard kubmetrdir və demək olar bu da tam istifadə edilir. Amma mümkün texnoloji avadanlıqların tətbiqi ilə illik 20 milyard kub metrə qədər artırmaq olar. Lakin nəzərə alsaq ki Azərbaycanın da qaz hasilat həcmləri ildən ilə artır və Avropa bazarı bu qazı almağa hazırdır, deməli Türkmənistan və İran qazını TAP vasitəsilə tam nəql etmək real görünmür.
Amma Transxəzər Qaz Boru Kəmərinin çəkilişi reallaşarsa, mütləq şəkildə TAP və TANAP-a alternativ olan yeni bir kəmərin çəkilməsinə ehtiyac olacaqdır. Zaman və maliyyə baxımından layihələrin daha səmərəli icrası üçün mövcud kəmərlərə paralel çəkilməsi və TAP-2, TANAP-2 olaraq adlandırılması daha məqsədə uyğun olardı.
Çünki mövcud TAP və TANAP-ın icrası üçün infrastruktur hazırdır, torpaq yatağı etibarlı və sınanılıb, çəkiliş üçün hüquqi prosedurlar mövcuddur, kəmərin keçdiyi ölkələr etibarlıdır, Avropaya inteqrasiya edilmiş ölkələrdir. Odur ki. Aİ-nın da bu yeni layihəni dəstəkləməsi tam olaraq realdır. Həm də TAP və TANAP dünyada qəbul olunmuş boru kəməri brendidir.