O bildirib ki, Ermənistanın qeyri-adekvat davranışları sülh prosesinə təhdidlər doğurur:
“Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlətimizin başçısı İlham Əliyev IX Bakı Forumunda həm qlobal gündəlikdə duran məsələlər, həm də regionda cərəyan edən proseslər barədə özünün obyektiv mülahizələrini irəli sürdü.
Prezident qlobal təhdidlərin artıq dünyada fundamental dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıraraq, bəşəriyyəti gözləyən təhlükələr barədə beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Dövlətimizin başçısı həmçinin, regional əməkdaşlıq və təhlükəsizliklə bağlı aktuallıq kəsb edən məsələlərə diqqət ayıraraq, Ermənistanın qeyri-adekvat davranışlarının sülh prosesinə təhdidlər doğurduğunu bildirdi. Ermənistanın 10 noyabr bəyanatı üzrə götürdüyü öhdəlikləri icra etməməsinə və bu xüsusda qarşı tərəfin Zəngəzur dəhlizinin açılmasına süni maneələr yaratmasına ayrıca diqqət ayırdı.
Sözsüz ki, əgər Ermənistan Zəngəzur dəhlizini açmasa və qarşı tərəf Qarabağa əsassız iddialarından əl çəkməsə, o zaman Azərbaycan da bəzi adekvat addımlar atmaq hüququnu özündə saxlayır. Vaxtilə Azərbaycanın tərkibində olan Zəngəzur dəhlizinin Ermənistana verildiyinə dair əlimizdə tarixi sübutlar var. Beləliklə, Azərbaycan xalqı Ermənistana qarşı müəyyən iddialarla çıxış edə bilər. Gərək, Ermənistan bunu nəzərə alsın.
Forumda cənab Prezidentin xüsusi diqqət ayırdığı məsələlərdən biri də Minsk qrupu barədə idi. 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayan Ermənistan öz məğlubiyyəti kompensasiya etmək üçün Minsk qrupunu yenidən danışıqlar prosesinə cəlb etmək istəyir. Əli hər şeydən üzülən Ermənistan hakimiyyəti bununla status məsələsini bir müddət gündəlikdə saxlamağı niyyət güdür. Sözsüz ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə bu qurumun yenidən dirçəlmək ehtimalını tamamilə istisna edir.
Bundan başqa, hazırda danışıqlar masasında şərtlər Azərbaycan diktə edir. Biz istəmədiyimiz hansısa şərti və ya formatı gündəliyə gətirmək mümkün deyil. Üstəlik, həm Qərbin, həm də Rusiyanın mövqeyi onu deməyə əsas verir ki, Minsk qrupunun yenidən prosesə cəlb edilməsi aktual deyil”. (Milli.az)