Vaxt.Az

“Texnologiyalar bəşəriyyətə qarşı”


 

... Yaxud “Tərəqqi üçün çalışmaq cinayətdir”

“Texnologiyalar bəşəriyyətə qarşı” 1978-1995-ci illərdə ABŞ-da Teodor Kaçinski adlı şəxs Federal Təhlüksəzilik Bürosunun axtardığı ən təhlükəli canilərdən biri olub. Onun başına 1 milyon dollaradək pul da söz verilib. 1996-cı ildə həbs edilib.

Kimdir Kaçinski? Vunderkind, 16 yaşında Harvarda qəbul edilib, oranı bitirdikdən sonra Miçiqan Universitetində riyaziyyat üzrə doktor dərəcəsi alıb, 25 yaşında Kaliforniya Universitetində dərs deməyə başlayıb. Ancaq 1 ildən sonra işdən çıxıb Montana meşələrində özünə daxma düzəldib işıqsız, qazsız vəhşi təbiətdə yaşamağa başlayıb. Həyatı və dünyaya baxışlarını 25 min səhifəyə köçürüb. Hər şey öz axarı ilə gedirmiş, birdən görüb ki, daxmasına yaxın yerdən yol çəkirlər. Beləcə mübarizəsi başlayır, bu illər ərzində təbiətə zərər vuran dövlətə, hətta hava yollarına qarşı terrordan belə çəkinməyib. 

Milliyyətcə polyak olan Kaçinski mübarizəsi dövründə 3 nəfəri qətlə yetirib, 23 nəfər ölümdən güclə qurtarıb. Hazırda həbsdədir, 8 ömürlük həbs cəzasını çəkir və heç vaxt əfv olunmayacaq. Terrorçuluq fəaliyyətində sevimli üsulu qurbanlarına içərisində bomba olan kitablardan ibarət bağlama göndərməkmiş. 

Bayaqdan bütün bunları niyə yazıram? 2021-ci ildə Kaçinski barədə film çıxıb. Olduqca maraqlı olan filmin adı “Ted K. Unabomber”dir. Kaçinskinin əlyazmaları əsas etibarı ilə texnoloji inkişafa qarşı yönəlib. Onun belə bir fikrinə rast gəlmək olar: “Tərəqqi üçün çalışmaq cinayətdir”.

Statusu yazmağıma səbəb onun həmin bu fikri oldu. Ötən əsrin 70-80-ci illərində bu mövqedən çıxış edənlərin sayı az idi. İnsan texnoloji yeniliklərin bəşəriyyət üçün məhvedici gücə malik olacağını son 10-15 ildə daha yaxından hiss etməyə başlayıb. Əgər Kaçinski 40 il bundan əvvəl mübarizə üsulu kimi  terroru seçmişdisə, indi bu məzmunda çoxlu sayda kitablar yazılır ki, hansı ki, onlardan bəziləri ilə tanışam. Məsələn, isveçrəli mütəxəssis Gerd Leonqard özünün “Texnologiyalar bəşəriyyətə qarşı” kitabında Kaçinski ilə eyni şeyi deyir. Yalnız Kaçinski terroru seçmişdi, Leonqard qələmi. Qısası, film həvəskarlarına filmə baxmaq məsləhət görülür. Kitabsevərlər isə Leonqardı oxusa peşman olmaz. İlon Mask deyir ki, evdəki it və pişiklərimiz bizim üçün nədirsə, vaxt gələcək biz də robotlar üçün o olacağıq.

 





18.06.2022    çap et  çap et