Vaxt.Az

Nə üçün mavi ən çox sevilən rəngdir?


 

Bu rəngin yeddi çaları həmişə ilk 10-luqda olub

Nə üçün mavi ən çox sevilən rəngdir? Hələ uşaqkən hamımızın xoşladığı rənglər olur. Amma böyüdükcə seçimimiz dəyişir və bu, əsasən bizdən asılı olmayan kənar təsirlərdən qaynaqlanır.

“Crayola” qələmlərini istehsal edən şirkət 1993-cü ildə amerikalı uşaqlardan hansı  rəngləri xoşladıqlarını soruşub. Onların çoxu mavinin müxtəlif çalarlarını seçiblər.

Yeddi il sonra firma bu təcrübəni təkrarlayıb.

Yenə mavinin yeddi çaları ilk 10-luqda olub. Uşaqların sevdiyi rənglər arasında bənövşəyi, yaşıl və çəhrayı da yer alıb.

ABŞ-ın “Rhode Island” Universitetində çalışan, rənglərin marketinqə təsirini tədqiq edən professor Lauren Labreskyu üçün mavi rəngin populyarlığı sürpriz deyil.

Tələbələrindən tez-tez sevdikləri rəng haqqında soruşan Labreskue onların cavablarını görmədən də nəticəni təxmin edə bilir:

“80 faizinizin mavini seçdiyini əks etdirən slaydı mən artıq hazırlamışam”.

Adətən, onun təxmini doğru çıxır.

Labreskue deyir ki, “Yetkinlik yaşına çatanda hamımız mavini sevirik. Və belə görünür ki, bu, bütün mədəniyyətlərdə belədir” (Yaponiya insanların ən çox sevdiyi üç rəng arasında ağ rəngin də olduğu azsaylı ölkələrdən biridir).


Araşdırmalar nə göstərir?


Rəng seçimi, adətən, uşaqlıqdan başlayır.

Uşaqlardan sevdikləri rəngi soruşanda, əksəriyyəti cavab verməyə hazır olur.

Araşdırmalar göstərir ki, körpələrin rəng seçimi geniş və olduqca uyğunsuzdur (Amma  daha açıq çalarlara meyl hiss olunur).

Hərçənd sonrakı illərdə onlar ətrafdakı rənglərə və bu rənglərin yaratdığı assosiasiyalara görə bəzi rənglərə daha çox üstünlük verməyə başlayırlar.

Uşaqların narıncı, sarı, bənövşəyi və ya çəhrayı kimi parlaq rəngləri müsbət emosiyalarla əlaqələndirməsi ehtimalı daha yüksəkdir.

4-11 yaş arası 330 uşaq arasında aparılan araşdırma  göstərib ki, uşaqlar “yaxşı” personaj çəkəndə ən çox sevdikləri rənglərdən, “pis” personaj üçünsə qara rəngdən istifadə edirlər.

Amma digər araşdırmalarda belə əlaqə aşkar edilməyib; yəni rənglər və onların yaratdığı emosional assosiasiyalar dəqiq cizgilərlə ifadə edilə bilməz.

Hesab olunur ki, uşaqlar yetkinlik yaşına çatanda rəng seçimləri daha tünd, daha tutqun olanlara meyllənir; amma bu fikri təsdiqləyəcək akademik araşdırmalar yoxdur.

Belə görünür ki, insanlar yaşlandıqca rəng palitraları bir-birinə yaxınlaşır. Maraqlıdır ki, böyüklərin əksəriyyəti mavi rəngə üstünlük verdiklərini, tünd qəhvəyi rəngi xoşlamadıqlarını bildirirlər.


Nə üçün bəzi rəngləri daha çox xoşlayırıq?


Sevdiyimiz rənglər ona görə var ki, sevdiyimiz şeylər var.

ABŞ-ın Viskonsin-Madison Universitetinin psixologiya professoru Karen Sklossun irəli sürdüyü ekoloji valentlik nəzəriyyəsi bunu ehtiva edir.

Rənglər neytral deyil. Çünki insanlar əsasən subyektiv tarixçələrə görə onlara  məna verir və beləliklə, hansısa rəng tonunu iyrənc və ya cəlbedici hesab etmək üçün şəxsi səbəblər yaradırlar.

Skloss deyir ki, “Bu, insanların eyni rəngə niyə fərqli münasibət bəslədiyini  və zamanla rəng seçimlərinin niyə dəyişə bildiyini izah edir”.

Bir araşdırma zamanı könüllülərə ekranda rəngli kvadratlar göstərilib və onları  qiymətləndirmələri istənib.

Sonra həmin rənglər təkrar göstərilib, amma bu dəfə əşyalar vasitəsilə.

Hər görüntüdə dörd rəngdən biri üstünlük təşkil edib. Sarı və mavidən nəzarətedici rənglər kimi istifadə olunub; ştapel və vintaçan kimi neytral obyektlər təsvir edilib.

Qırmızı və yaşıl fotolar bilərəkdən təhrif edilib. İştirakçıların yarısına Sevgililər Günündə verilən, müsbət xatirələri yada salan qızılgül və ya çiyələk kimi qırmızı rəngli əşyalar göstərilib, yaşıl şəkillərsə ikrah hissi yaradacaq məzmunda hazırlanıb.

Digər qrupa isə bu assosiasiyaları tərsinə çevirən şəkillər - yaşıl təpələr və kivi, qırmızı rəngli sıyrıq və ya yaralar göstərilib.

Bu, rəng seçimində dəyişikliyə səbəb olub. İştirakçılar müsbət assosiasiyalı rəngləri seçiblər.

Amma bunun təsiri uzun sürməyib. Ertəsi gün təcrübədəki dəyişiklik aradan qaldırılıb, iştirakçıların real həyatda əhatə olunduqları rənglərdən istifadə olunub.

“Bu göstərir ki, dünyayla bağlı təcrübələrimiz permanent olaraq onu necə alqılamağımıza və necə qiymətləndirməmizə təsir edir. Yəni rəng seçimlərimizi rənglərlə bağlı gündəlik və ənənəvi təcrübələrimizin xülasəsi kimi görün”, – Skloss belə deyir.


Mavinin üstünlüyü


19-cu əsrdə qeydə alınan ilk rəng araşdırmalarından bu yana mavinin populyarlığı fasiləsiz olaraq davam edib.

Bu rənglə bağlı təcrübələrimizin əksəriyyəti müsbətdir: dəniz və ya aydın səma kimi. Sklossun araşdırması isə qəhvəyi rəngin bioloji tullantılar və ya çürüyən qidayla assosiasiya edildiyinə diqqət çəkərək onun niyə bu qədər diksindirici olmasını izah edir.


Oğlanlar üçün mavi, qızlar üçün çəhrayı?


İsveçrənin Lozanna Universitetində rənglərin koqnitiv və emosional assosiasiyalarını araşdıran psixoloq Domicele Conuskeyt azyaşlı uşaqların mavi və çəhrayı rəngləri necə gördüyünü araşdırıb.

Kiçik qızların çəhrayı rəngə sevgisi 5-6 yaşında pik səviyyəyə çatır, yetkinlik yaşına çatanda isə yox olur.

“Oğlanlar ən azı 5 yaşından etibarən çəhrayıdan uzaq dururlar. Bir oğlan uşağının bu rəngi sevməsi üsyankarlıqdır... Yetkin yaşlı kişilər arasında “Ən çox sevdiyim rəng çəhrayıdır” deyən birini tapmaq çətin məsələdir”.

Keçmişdə bəzi araşdırmaçılar cinsiyyətə bağlı rəng seçiminin təkamül xarakteri daşıdığını irəli sürərək ovçu cəmiyyətlərdə yığıcı olmuş qadınların meyvələrlə əlaqəli rənglərə üstünlük verdiyini iddia ediblər.

Conuskeyt bunun tamamilə cəfəngiyat olduğunu deyir. O, Amazon ovalığındakı Peru kəndlərinin və Konqo Respublikasının şimalındakı bir qrup fermerin qlobal təsirlərdən uzaq mədəniyyətlərində rəng seçimlərini araşdıran son məqalələrə istinadən bildirir ki, oralarda qızların heç biri çəhrayı rəngə üstünlük vermir.

“Bu rəngi xoşlamaq və ya bəyənməmək üçün sosial kimlik kodunuz olmalıdır” deyir.

Əslində, 1920-ci illərdən əvvəl çəhrayı rəng kişi rəngi hesab olunub və yalnız 20-ci əsrin ortalarından etibarən qızlarla əlaqələndirilməyə başlanıb.



Mavini kimlər sevmir?


Britaniyanın “Sussex” Universitetindəki Rənglər qrupu və uşaq laboratoriyasının əməkdaşı Alise Skelton deyir ki, hətta yaşca ən kiçik uşaqlar da rəngləri dərk edə və hansınasa üstünlük verə bilirlər.

Körpə və uşaqların rəng duyumunu araşdıran Skelton erkən yaşlardakı seçimlərin sonrakı illərdə hansı şəkildə estetik seçimlərə çevrildiyini daha yaxşı anlamağa çalışır.

O, gözün təkamülünü bənzərsiz hadisə hesab edir və bildirir ki, “Körpələrin rəngləri seçə bilmədiyini demək böyük səhvdir, görə bilirlər”.

Yaşıl və qırmızını seçən reseptorlar mavi və sarını seçənlərdən daha yaxşı inkişaf etdiyi üçün yeni doğulan körpələr tünd qırmızını daha asan görürlər.

Dünyadakı cisimlərin rənglərinə məna verən ekoloji dəyər nəzəriyyəsi hətta kiçik uşaqlar üçün də keçərlidir.

“Uşaqlar yalnız hansısa funksiya daşıyan rənglərə diqqət yetirirlər. Rənglərdən nəsə öyrənməyəndə onlara həqiqətən əhəmiyyət vermirlər”, – Skelton belə deyir.

Biri yaşıl, digəri çəhrayı olan iki şüşə təsəvvür edin. Yaşıl rəngli şüşədə dadlı, çəhrayı rəngli şüşədəsə turş maye var. Uşaqlar bunun fərqinə varacaq və yadda saxlayacaqlar, çünki fərqi dərk etmək mükafatla nəticələnir.

Skelton qeyd edir ki, “Yetişmiş bananda olduğu kimi, rəng də obyektin bəzi xüsusiyyətlərinə dair faydalı informasiyadır”.

Əlbəttə, yetişmiş banan qəhvəyi rəngdə də ola bilər – bu, təmizkar böyüklərin laboratoriya testlərində antipatiya nümayiş etdirdikləri rəngdir.

Skelton mavini çox da sevməyənlərə təsəlli verir. Qeyri-populyar rənglərə meyl etmək uşaqlıq illərinə aid müsbət xatirəli bir dövrdən qaynaqlana bilər (Uşaqlığı divanların əsasən qəhvəyi rəngdə olduğu 1970-ci illərə təsadüf edənlər bu rəngi xoşlaya bilərlər).

Ancaq başqa bir maraqlı ehtimal da var: mavinin yaratdığı vizual harmoniya və xoş hisslər heç də hamı üçün cəlbedici olmaya bilir.

“Bəziləri homeostaz (daxili tarazlıq), digərləri emosiya arzulaya  bilər; necə ki, təbiətləri etibarilə bəzi insanlar sağsağan, bəzilərisə gecə bayquşdur. Ya da vizual sistemlərinə və ya estetik seçimlərinə meydan oxuyan şeylər axtaran rəssamları xatırlayın”, – Skelton belə deyir.

 





19.06.2022    çap et  çap et