Vaxt.Az

Ukraynada rus musiqisi qadağan edilir


 

Qanunda həmçinin Rusiya sənətçilərinin qastrol səfərləri yasaqlanıb

Ukraynada rus musiqisi qadağan edilir Ukrayna parlamentinin iyunun 19-da qəbul etdiyi qanun layihəsində rus dilində musiqinin qadağan olunması nəzərdə tutulur. Deputatlar Ukrayna mədəniyyətini və ölkənin informasiya məkanını Rusiya təsirindən qorumağı hədəfləyən bir neçə layihəni qəbul ediblər.

Rus dilində musiqinin yasaqlanmasına dair layihə radio və televiziyada Ukrayna musiqisinin payını 35 faizdən 40 faizə çatdırmağı nəzərdə tutur.

Qanunda həmçinin Rusiya sənətçilərinin qastrol səfərləri qadağan olunur. Ancaq Rusiyanın Ukraynaya hücumunu açıq şəkildə pisləmiş incəsənət adamları istisnadır.

Layihəni izah edən bəyanatda deyilir ki, rus musiqisi Rusiya mənsubiyyətinin qəbulunu daha cəlbedici edərək Ukrayna dövlətini zəiflədə bilər.

“Təcavüzkar dövlətin musiqi məhsulu əhalidə separatçı əhvala təsir göstərə bilər”, – deputat Yaroslav Jelezniak “Telegram”da bəyanatdan sitat gətirib.

Ali Rada Rusiya, Belarus və ölkənin rusiyapərəst separatçıların işğalı altında olan vilayətlərindən kitab və digər çap məhsullarının idxalı və yayılmasının qadağan olunmasına səs verib.

Parlament Ukrayna dilində kitab çapı və yayımının stimullaşdırılmasına dair ayrıca qanunvericilik də qəbul edib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb.

 





20.06.2022    çap et  çap et