Ömür yaşanır və günlərin birində görürsən ki, sən demə o adla o insanın yolu, taleyi, şəxsiyyəti arasında dərin bağlılıq varmış.
Nədir bunun səbəbi?
Özümüzdən asılı olmayaraq uşağa məhz onun sabahkı yoluna, ömrünə meyar ola biləcək adı izahsız bir yazının hökmüyləmi veririk, ya bəlkə hətta sırf təsadüfi kimi görünən adlar illər boyu insanı yönəldir, onun taleyinə, yoluna, kimliyinə təsir edir?
Bunlar cavabsız suallardır. Ancaq bildiyim odur ki, ömrünün 40 ildən çoxunu Nizami muzeyinə həsr etmiş, uzun müddət muzeyin baş mühafizi, muzeyşünaslıq üzrə direktor müavini işləmiş Sədaqət xanım Hüseynovaya adı tam uyğun gəlirdi.
Doğmalarına, yaxınlarına, rəfiqələrinə nə dərəcə sədaqətli olub, bunu onlar yaxşı bilər. Ancaq Sədaqət muzeyə necə min bir tellə bağlı, necə etibarlı, necə sədaqətli idi, mən bunun, 30 ildən də artıq bir zamandakı müşahidələrimdən, şahidiyəm.
İllərcə – lap səhhətinə nasazlıq yaranan axır vaxtlaracan o, həmişə işə hər kəsdən erkən gəlib, hamıdan gec getdi.
Mən Bakıda olmayanda arxayın idim ki, Sədaqət muzeydədirsə, narahatlığa yer yoxdur.
Həyatının böyük acısından, övlad itkisindən sonra Nizami muzeyi onunçün ömrünün mənasına çevrilmişdi. Amma sevmək azdır, gərək bu muzeyi nəyə görə sevdiyini də biləsən.
Bu muzeyi cikinə-bikinə kimi tanımasan, bilməsən, onun böyük qiymətini necə anlayarsan?!
Sədaqət muzeydə qorunan irili-xırdalı nə varsa, hamısına bələd idi, gecənin bir aləmində yuxudan oyadıb soruşsan, tərəddüdsüz, dərhal cavab verə bilirdi ki, hansı eksponat nə vaxt muzeyə gəlib, indi fondda, yaxud ekspozisiyadadır, müəllifi kimdir, ölçüsü nədir bunu elə söz olaraq yazmıram, dəfələrlə soruşmuşam da, vaxtsız oyatmışam da, adam yarıdan cavablarımı almışam da!).
Səliqəli bir qadın evindəki hər əşyanın yerini, sahmanını bildiyi kimi, o da muzeyə həmin cür aşina idi.
Neçə ay idi Sədaqət səhhət böhranaları çəkirdi, ona görə də hətta əlimyandıda olanda da onu narahat etmirdim. Ancaq fondla bağlı ona verəcəyim sualların cavabını dəqiq alacağım ikinci adam da yox idi. Ona görə məcbur olurdum hər sualı özüm araşdırım.
Deyirlər əvəzolunmaz adamlar yoxdur.
Necə yəni yoxdur? Var, özü də lap yaxşı!
Sədaqət Hüseynova kimi bir fond işçisi 30-40 ilə yetişir.
Hələ mən peşəkar vərdişlərdən savayı ürəkdəki öz sahəsinə xüsusi məhəbbəti demirəm.
Bu fitrətdən gələn bir duyğudur.
Anlayıram ki, Nizami muzeyində Sədaqətin yeri hələ çox illər boyu görünəcək.
Onun kimi səriştəli bir mütəxəssisin yetişməsi qısa zaman işi deyil.
Onu xəstəliyin cəngindən qurtarmaq üçün əlimizdən gələni də, dualarımızı da etdik.
Neyləməli, yol hər kəs üçün günlərin birində mütləq bitir.
Ancaq Sədaqət muzeyin tarixində də, hər birimizin yaddaşında da silinməz izini qoyub gedir.
Bu, muzeyin xoşbəxt günlərindən birində, hamımızın birgə olduğumuz anda çəkilmiş şəkildir.
Özü gedib, ürəklərdə yeri olanların şəkli də heç vaxt itmir, silinmir, unudulmur, könüllərdə elə bu fotodakı kimi hamı ilə birgə qalır.
Bu fotoda hamı xoş ovqatdadır. Çöhrələrdə təbəssüm var.
Və əziz Sədaqət də həmişə mehriban təbəssümü ilə bizə gülümsəyəcək, muzeyin heç vəchlə yaddaşdan silinməz dəqiqələrini, saatlarını, günlərini xatırladacaq.
Lakin hər dəfə də yoxluğu ürək sıyıracaq, xiffət oyadacaq!...
20 iyun, Strasburq