Rusiya prezidenti Vladimir Putin isə hazırda dünyada baş qaldıran maliyyə-iqtisadi və enerji böhranını Kremlin əsas propoqanda mövzuları sırasına daxil edib. Kreml sahibi Avropa ölkələrində dərinləşən böhran dalğasının siyasi elitaların dəyişməsinə səbəb olacağını da iddia edir. Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarından 400 milyard dollar itirəcəyini xüsusi məmnunluqla vurğulayır.
Əlbəttə ki, Kreml sahibinin dediklərində həqiqət payı olmamış deyil. Ancaq prezident V.Putinin qabartdığı problemlərin mövcudluğunu Qərb siyasi dairələri də çox gözəl anlayırlar. Yəni, Kreml sahibinin bunu əlavə olaraq, gündəmə gətirərək, lovğalanması tamamilə mənasız davranışdır. Çünki ABŞ və Qərb Rusiyaya sanksiyalar tətbiq edərkən, müəyyən problemlərlə üzləşəcəklərini bildiklərini də vurğulamışdı. Və buna baxmayaraq, Rusiyaya qarşı tutulan sıxışdırılıb, zəiflədilmə xətti əvvəlki kimi, davam etdirilir.
Üstəlik, Qərb ölkələri yaxın gələcəkdə gözlənilən kataklizmlərdən çıxış yollarını da axtarırlar. Ona görə də, Kreml sahibi mövcud situasiyadan həm Rusiyanın, həm də bütün dünyanın necə çıxa biləcəyi ilə bağlı da öz fikirlərini və təkliflərini dilə gətirsəydi, daha çox diqqəti çəkə bilərdi. Eyni zamanda, prezident V.Putinin Avropa Birliyinin itkilərini məmnunluqla hesabladığı halda, Rusiyanın düşdüyü ağır durum barədə danışmaqdan yayınması da Kreml sahibinin növbəti səhvi sayıla bilər. Çünki, Rusiya cəmiyyətində gələcəyə yönəlik qeyri-müəyyənlik tezliklə Kreml üçün ciddi problemlər vəd edir.
Əslində, prezident V.Putinin dedikləri dolayısı ilə də olsa, Rusiyanın lobbiçiliyi ilə məşğul olan Qərbi Avropa ölkələrinin (Almaniya, Fransa və İtaliya) Ukrayna savaşını nəyin bahasına olursa-olsun, durdurmaq cəhdlərinə əlavə dəstək təsiri bağışlayır. Yəni, Kreml sahibi müəyyən mənada, “Rusiyanın şərtləri ilə razılaşaraq, savaşı durdurmasanız, hamınız bizimlə birlikdə batacaqsınız” mesajı verməyə çalışır. Və bu, indiki halda, daha çox Ukraynaya təzyiq göstərməyə çalışan Qərbi Avropa dövlətlərinin mövqeyinə uyğun gəlir.
Məsələ ondadır ki, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliya baş naziri Mario Draqi həmin ərəfədə Kiyevə səfər edərək, Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya qarşısında güzəştlərə - “ƏRAZİ ƏVƏZİNƏ SÜLH” variantına razı salmağa çalışmışdılar. Bəzi məlumatlara görə, Qərbi Avropa üçlüyü “Rusiyanın qürurunu xilas etmək” təklifini bu dəfə fərqli məzmunla dəyişmişdilər.
Yəni, prezident Vladimir Zelenskinin diqqətinə çatdırıldı ki, Ukrayna savaşı davam etdiyi müddətdə rəsmi Kiyevin Avropa Birliyinə üzvlük ümidləri reallıqdan uzaq qalacaq. Yəni, bu, dolayısı ilə rəsmi Kiyevin seçim etməli olduğuna eyhamdır. Ya Rusiyanın şərtləri daxilində, yəni Ukrayna ərazilərini qurban verməklə, Avropa Birliyinə üzvlük şansı qazanılmalıdır. Ya da savaşın davam etdirilməsi ilə bu quruma üzvlük ümidləri təxirə salınmalıdır.
Təbii ki, bütün bunlar savaşın mümkün qədər uzadılmasına üstünlük verən anqolasaksların planlarının pozulmasına yönəlik cəhdlərdir. Qərbi Avropa ölkələri Ukrayna savaşı ucbatından “qoca qitə”nin böhran dalğası altında əzilib, anqlosaksların hegemonluğunu qəbul etmək məcburiyyətində qalmasını istəmirlər. Və bu səbəbdən də, Ukrayna savaşına münasibətdə anqlosakslar ilə amansız rəqabət içərisindədirlər.
Almaniya, Fransa və İtaliya liderlərinin Kiyevə səfərindən dərhal sonra Böyük Britaniya baş naziri Boris Consonun hərəkətə keçməsi də bunu təsdiqləyir. Gözlənilmədən Ukraynaya səfər edən, Qərbi Avropa düşərgəsinə rəqib cinahın liderlərindən olan baş nazir Boris Consonun rəsmi Kiyevə təklifi Rusiyaya güzəştə getməmək və sona qədər savaşmaq üzərində qurulub. Və onun Rusiyaya güzəştlərə qətiyyən meylli olmayan prezident Vladimir Zelenskini buna yenidən inandırmağa nail olduğu bildirilir.
Qərbi Avropa ölkələrindən fərqli olaraq, ABŞ və Böyük Britaniya əmindir ki, mövcud sanksiya rejiminin ağır təsirləri altında olan Rusiya tezliklə geri çəkilmək məcburiyyətində qala bilər. Çünki, Kremlə qarşı sanksiyalar dünya iqtisadiyyatında böhranı dərinləşdirsə də, Rusiyanı da ötən əsrin əvvəlinə doğru sürükləyir. Əgər, proseslər bir müddət də belə davam etsə, Rusiyada 1917-ci ildə baş vermiş hadisələr və situasiya daha ağır formada təkrarlana bilər.
Bu isə o deməkdir ki, anqlosakslar Avropa ölkələrində hakimiyyət dəyişiklikləri proqnozlaşdıran prezident Vladimir Putinə qarşı Rusiyada klassik inqilabi situasiya yaratmağa çalışırlar. Düzdür, bu plan Avropa məkanını da sosial-iqtisadi xaosa düçar edə bilər. Ancaq anlaşılan odur ki, hazırda Avropa Birliyinin gələcək taleyi anqlosaksları qətiyyən narahat etmir.